Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub

Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
  • Clock-gray 19:40
  • calendar-gray 10 Dekabr 2019

Dekabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan “O qadın” adlı dramatik tamaşanın premyerası olub.

APA-nın məlumatına görə, tamaşa son vaxtlar qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox qadınların zərər çəkməsi, zərif cinsin nümayəndələrinin kütləvi şəkildə fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.

Sənədli teatr üslubunda hazırlanan tamaşa real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında hazırlanıb.

Bir hissəli sosial-psixoloji mövzulu tamaşanın əsas məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.

Tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır.

Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa edirlər.

Tamaşada qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların video-müsahibələri də nümayiş olunub.

Qeyd edək ki, layihə həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş fəallıq kampaniyasına dəstək xarakteri daşıyır.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date