Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edilib
  • Clock-gray 22:54
  • calendar-gray 24 Fevral 2020

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində (BMM) şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA BMM-ə istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçirilən yubiley tədbirində ilk olaraq şairin həyat və yaradıcılığını əks etdirən videorolik nümayiş olunub. Daha sonra Professor Rüstəm Kamal, akademik Nizami Cəfərov, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı , AYB Ədəbiyyat Fondunun direktoru Əjdər Ol və digər ədəbiyyat nümayəndələri çıxış edərək şairin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Vurğulanıb ki, vətənpərvərlik, milli birlik mövzusu, azərbaycançılıq ideyasının tərənnümü şairin yaradıcılığının ana xəttdir. Vətəninə, el-obasına bağlılıq onun yaradıcılığında aydın əks olunur. Azərbaycan oxucusu ilə bərabər türkdilli ölkələrin ədəbiyyatşünasları və poeziyasevərləri də  onun yaradıcılığına yaxından bələddirlər. Şair Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzalarıyla tanış olur və ara sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmaga başlayır. 1991-ci ildə "Məni baxtıma tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.

Gecədə Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Aşıq Zülfiyyə, aşıqlar Avdı Musayev, Samir Cəlaloğlu, Şaiq İncəli, Şəhriyar Qaraxanlı, xanəndə Rəvanə Qurbanova musiqi nömrələri təqdim ediblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tanınmış söz və sənət adamlarının yaradıcılığına həsr olunan, aşıq sənətinin təbliğinə xidmət edən  gecələr təqdim edir. Bu silsilədən klassik ədəbi nümunələrimizi təbliğ edən "Sirlər xəzinəsi", "Qəzəllər", "Aşıq musiqisi axşamları" layihələrinin məqsədi milli irsimizi və klassik ədəbiyyatımızı təbliğ etməkdir.

apa-logo-mini

Digər xəbərlər