“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı olub

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı olub
  • Clock-gray 12:50
  • calendar-gray 21 Noyabr 2019

Noyabrın 21-də Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı olub.

APA-nın məlumatına görə, açılışda Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov və başqa qonaqlar iştirak ediblər.

Nazir Əbülfəs Qarayev çıxış edərək qeyd edib ki, artıq noyabrın 20-dən “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi başlayıb, bu gün isə rəsmi açılmışdır: "İlk dəfə 2003-cü ildə Bakı biennalesi başlayıb. Biz artıq 6-cı dəfə bu tədbiri həyata keçiririk. Biennale bu dəfə Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə təşkil olunub. Budəfəki biennalenin mövzusu insanın özünüdərki ilə bağlıdır. Burada dünyadan 40-a qədər, Azərbaycandan isə 30-dan çox rəssam iştirak edir. Çox sevindirici haldır ki, artıq Bakıda müasir incəsənət sərgiləri gerçəkləşdirərək özünü müxtəlif formalarda büruzə verir. Heydər Əliyev Fondu tərəfindən müasir incəsənət nümayəndələrinin sərgiləri təşkil keçirilir, ölkəmizdə Müasir İncəsənət Muzeyi, o cümlədən "YARAT" Müasir İncəsənət Məkanı fəaliyyət göstərir, layihələr həyata keçirirlər. Budəfəki sərgilər təkcə Muzey Mərkəzi ilə məhdudlaşmır, şəhərin müxtəlif yerlərində - Şirvanşahlar Sarayı, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və başqa məkanlarda təşkil olunaraq müxtəlif forma və janrları birləşdirəcək".

Ə. Qarayev Azərbaycanın 2007-ci ildən Venesiya Biennalesində iştirak etdiyini diqqətə çatdırıb: "Artıq Azərbaycan dünyada müasir incəsənətə təkan verən bir dövlət kimi tanınır. Buna görə də düşünürəm ki, bu biennale də Azərbaycanın müasir incəsənət ölkəsi kimi tanınmasına öz töhfəsini verəcək".

Xalq rəssamı Fərhad Xəlilov rəssamların görüşünün hər zaman yaddaqalan olduğunu söyləyib: "Çünki rəssamlıq heç bir sərhəd tanımır, onun tərcüməyə ehtiyacı yoxdur. Mən də özümü müasir rəssam sayır və hər dəfə rəssamların görüşünü böyük bayram hesab edirəm. Düşünürəm ki, bu baxımdan “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi də müstəsna rol oynayacaq".

"İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov Bakının əsrlər boyu İpək Yolunun üzərində vacib mədəniyyət mərkəzi kimi tanındığını qeyd edib: "Üç dinin qovuşduğu bu şəhərdə sənətkarlar öz əsərlərini təqdim ediblər. Bakı bu gün də müasir incəsənət əsərlərinin təbliği üçün uyğun məkandır. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycanın tolerant bir ölkə olmasının təzahürüdür".

Sonra qonaqlar Muzey Mərkəzində sərgilənən ekspozisiyalarla tanış olublar.

Qeyd edək ki, “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək. Sərgilərə giriş pulsuzdur.
 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date