“Azərbaycan muzeylərində audio-bələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" lahiyələri təqdim olunub

“Azərbaycan muzeylərində audio-bələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" lahiyələri təqdim olunub
  • Clock-gray 18:06
  • calendar-gray 22 Noyabr 2019

Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan muzeylərində audio-bələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev,  Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova və başqa qonaqlar iştirak ediblər.

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva çıxış edərək bildirilib ki, "Sənə hekayəmi danışmaq istəyirəm" layihəsi muzeylərə daha çox ziyarətçi cəlb etmək məqsədi daşıyır: "Layihə çərçivəsində Bakı şəhərinin aparıcı muzeylərində saxlanılan unikal eksponatlar haqqında videoçarxlar hazırlanıb. Videoçarxlarda eksponatlar tamaşaçıları muzeylərimizə cəlb etmək məqsədilə öz hekayələrini monoloq şəklində danışır və onların muzeyə gəlməsini xahiş edirlər. Monoloqun sonu layihənin əsas sloqanı ile tamamlanır".

N.Abdullayeva reklam xarakterli 3 videoçarxın paytaxtın mərkəzi küçələrində yerləşən bilbordlarda nümayiş olunduğu deyib: "Eyni zamanda “Cinema plus” kinoteatrlarının bütün şəbəkələrində nümayiş olunan filmlərdən əvvəl reklam kimi təqdim edilib. Oktyabrın 25-dən isə sosial şəbəkələrdə yayımlanıb. Hər üç videoya “Facebook” sosial şəbəkəsində 108 min, “İnstagram”da isə 123 min izləyici tərəfindən baxılıb".

N.Abdullayeva sonra “Azərbaycan muzeylərində audio-bələdçi” layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində Fransanın "Orpheo Group" şirkəti ilə əməkdaşlıq edilib: "Bu məqsədlə dövlət tərəfindən ayrılan vəsait hesabına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu üçün audio-bələdçilər alınıb. İki formada təqdim olunan audio-bələdçilər 5 dildə-Azərbaycan, rus, ingilis, fransız, ərəb dillərin hazırlanıb. Azərbaycan Milli İncəsənət Muzeyi üçün hazırlanan məzmunlar böyüklərlə yanaşı uşaqlar üçün də nəzərdə tutulub. Audio-bələdçilərin tətbiqlərindən eyni zamanda  Android və İOS sistemli telefonlarda da istifadə etmək mümkündür".

Sonra "Orpheo Group" şirkətinin texniki meneceri David Laurent audio-bələdçilərin hazırlanma qaydası haqqında məlumat verib.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə nəhayət Azərbaycan muzeylərinin müasir texnoloji avadanlıqlarla təmin olunduğunu diqqətə çatdırıb: "Bu layihə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə baş tutub. Biz layihə çərçivəsində dünyanın ən aparıcı şirkətlərindən biri olan "Orpheo Group" ilə əməkdaşlıq etmişik. Muzey işinin təkmilləşdirilməsi baxımından bu layihə çox vacibdir. Audio-bələdçilər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda tətbiq olunacaq. Düşünürəm ki, gələcəkdə başqa muzeylərimizdə də bu texnologiya tətbiq olunmalıdır. Bu gün mədəniyyəti müasir texnologiyasız dünyada təbliğ etmək qeyri-mümkündür. Biz təhlil apardıq və məlum oldu ki, Azərbaycan musiqisi, ədəbiyyat, incəsənəti haqqında elektron daşıyıcılar çox azdır.
Əfsuslar olsun ki, bizim müəlliflərin əsərləri aparıcı elektron bazarlarda yer almır. Ona görə də bu müasir texnoloji vasitələrlə nəinki ölkəmizə gələn qonaqlar, eləcə də xaricdə olanlar bizim muzeylərini haqqında məlumatlar əldə edə biləcəklər".

Ə.Qarayevin sözlərinə görə, nazirliyin növbəti illərdə strategiyalarından biri Azərbaycan mədəniyyətinin müasir texnologiyalar vasitəsilə dünyaya çıxarılması və dünya mədəniyyətinin ölkəmizə gətirilməsidir: "Hesab edirəm ki, bu, olduqca vacib addımdır. Bu, yaradıcılıq sənayesinin formalaşdırılmasıdır. Çünki bu sahənin inkişafı nəticəsində turistlər vasitəsilə dövlət büdcəsinə gələn vəsait xeyli artacaq".

Sonra qonaqlar audio-bələdçilərin istifadə qaydası ilə əyani surətdə tanış olublar.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date