ASCO: Ermənistanın təxribatları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır

ASCO: Ermənistanın təxribatları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır
  • Clock-gray 16:26
  • calendar-gray 21 Oktyabr 2020

Ermənistanın təxribatları Azərbaycanın iştirakçısı olduğu bir sıra beynəlxalq layihələrə, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “APA-Economics”ə verilən məlumata görə, bunu QSC-nin sədr müavini Fərhad Quliyev İstanbulda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair keçirilən İşçi Qrupunun iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu eləcə layihələrin iştirakçısı olan tərəfdaş dövlətlər və şirkətlər üçün də risk və təhlükəyə səbəb olur.

“Bu səbəbdən Ermənistanın mülki əhali və strateji infrastruktura qarşı terroru dayandırmağa, beynəlxalq hüququn tələblərini, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə çağırılması mühümdür”, - deyə F. Quliyev qeyd edib.

İclasda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin  2020-ci ilin 9 ayı üzrə fəaliyyətinin yekunları, sözügedən müddətdə TBNM üzrə daşınma planının nəticələri, Şərq-Qərb istiqamətində konteyner qatarlarının keçmə müddəti və əks istiqamətdə tək və qrup daşımalarının təhlili, Xəzər dənizinin limanları arasında (Aktau, Bakı (Ələt) fider gəmilərin iştirakı ilə birbaşa beynəlxalq dəmir yolu və su nəqliyyatında konteyner hərəkətinin təşkili haqqında 25 iyun 2019-cu il tarixli Sazişə dəyişikliklər barədə müzakirələr aparılıb. Bundan başqa, Türkiyə/Avropa ölkələrindən Qazaxıstan/Orta Asiya ölkələri istiqamətində fider gəmilərdən istifadə olunaraq konteynerlərin daşınmasının təşkili üzrə görülən işlər barədə hesabat dinlənilib. TBNM boyunca bəzi məhsulların daşınması üçün tarif şərtlərinin təsdiqi ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlbinin zəruriliyi vurğulanıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının qatıldığı iki günlük toplantıda ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin nümayəndələri təmsil edirlər.

Hüseyn Vəliyev

Digər xəbərlər