"Azərbaycan Dəmir Yolları" koronavirusa qarşı profilaktik dezinfeksiya işləri aparır - FOTO

"Azərbaycan Dəmir Yolları" koronavirusa qarşı profilaktik dezinfeksiya işləri aparır - FOTO
  • Clock-gray 13:35
  • calendar-gray 25 Fevral 2020

“Azərbaycan Dəmir Yolları” QSC həm daxili, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən qatarlarda və bütün yolboyu stansiyalarda koronavirusa qarşı gündəlik olaraq mütəmadi profilaktik dezinfeksiya işləri aparır.

Bunu “APA-Economics”ə QSC-nin həkim-sanitar xidmətinin yol-sanitar karantin müfəttişliyinin rəis müavini Elşən Süleymanov deyib.

Onun sözlərinə görə, QSC-nin dezinfeksiya qrupları gömrük orqanları və sərhəd qoşunları ilə paralel olaraq sərhəd-keçid məntəqələrində gündəlik dezinfeksiya işlərinə cəlb olunub: “Bütün qatarlar yola çıxmadan 2-3 saat öncə dezinfeksiya olunur. Qatarlar mənzil başına yetişdikdən sonra təkrar olaraq dezinfeksiya olunur”.

E. Süleymanov həmçinin əlavə edib ki, müəssisə tərəfindən təsdiqlənən tədbirlər planına uyğun olaraq, sərnişinlərlə işləyən briqadalar, xəstəliyin epidemiologiyası, etimologiyası və klinikası haqqında məlumatlandırılır.

“Briqadalara, hərəkətboyu xəstəlik aşkarlanarsa, xəstələri izolyasiya etmələri, onlarla kontaktda olan sərnişinləri siyahıya almaqları, eləcə də xəstələrin hospitalizasiyası barədə mühazirələr aparılır. Bundan başqa, dəmir yolu ərazisində olan müalicə müəssisələrində qoruyucu tədbirlər görülüb, qoruyucu və dezinfeksiya edici vasitələr paylanılıb”, - deyə E. Süleymanov bildirib.

E. Süleymanovun sözlərinə görə, bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb: “Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatçılıq hiss edərlərsə, onlarda qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər”.

Hüseyn Vəliyev

Digər xəbərlər