Azərbaycan və Rusiya operativ su ehtiyatlarının bölgüsünü müzakirə edib

Azərbaycan və Rusiya operativ su ehtiyatlarının bölgüsünü müzakirə edib
  • Clock-gray 09:31
  • calendar-gray 30 İyun 2020

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 18-ci görüşü COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də video-konfrans şəklində keçirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseynov və komissiyanın üzvləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Anar Hüseynzadə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Faiq Vəliyev iştirak ediblər.

Video-konfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının texniki vəziyyətinin növbəti müayinəsi və digər məsələlərə baxılıb.

APA-Economics

Digər xəbərlər