Çabahar limanı yaxın 3 ildə Şimal-Cənub dəhlizinə birləşdiriləcək

Çabahar limanı yaxın 3 ildə Şimal-Cənub dəhlizinə birləşdiriləcək
  • Clock-gray 16:51
  • calendar-gray 12 Dekabr 2019

“Strateji Çabahar limanı 3 ildən az bir zamanda Şimal-Cənub dəhlizinə birləşdiriləcək”.

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İranın Sistan və Bəluçistan əyalətinin Limanlar və Dənizçilik İdarəsinin baş direktoru Behruz Ağayi deyib.

Onun sözlərinə görə, Çabahar-Zahidan dəmir yolunun tikintisində indiyədək işlərin 45%-i yerinə yetirilib: “Hazırda bu layihəyə büdcə ayrılıb və yaxın 3 il ərzində sözügedən dəmir yolu təkmilləşdirilərək Şimal-Cənub dəhlizinə birləşdiriləcək. Beləliklə, bu dəhlizin əsas hissəsi olan dəmir yolu xətti təkmilləşəcək və Çabahar limanına birləşəcək”.

B. Ağayi həmçinin deyib ki, Çabahar limanının Şimal-Cənub dəhlizinə birləşməsi ilə MDB ölkələrindən yüklər İran Astarası-Astara dəmir yolu vasitəsilə Çabahar limanına və Asiyanın Cənub şərq ölkələrinə, Afrika, Çinin qərbinə və Əfqanıstana daha rahat şəkildə daşınacaq.

Şimal-Cənub dəhlizinin iqtisadi əhəmiyyəti və bu dəhlizin Çabahar limanına birləşməsinin İran və Azərbaycan üçün önəmindən danışan B. Ağayi qeyd edib ki, Şərq-Qərb dəhlizinin təkmilləşməsi və Şanxayın Bakıya və Şimal-Cənub dəhlizi vasitəsilə MDB ölkələrinin Çabahar limanına birləşməsi böyük iqtisadi dəyişikliyə səbəb olacaq:  “Hazırda İranın şimalında Əçirabad limanının istifadəyə verilməsi və Çabahar limanında infrastrukturun təkmilləşməsi ilə bu iki liman, eləcə də Şimal-Cənub dəhlizi bu gün yüklərin daşımasında tranzit rolu oynaya bilər”.

Qeyd edək ki, İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslami ötən həftə İranın Ali Liderinin Çabahar-Zahidan dəmir yolu xəttinin təkmilləşməsi və onun Şimal-Cənub dəhlizinə birləşməsi üçün lazım olan vəsaitin təmini üçün göstəriş verdiyini açıqlayıb.

Çabahar limanı İranın okeana çıxışını təmin edən ən böyük limandır. ABŞ bu limana sanksiyada güzəşt edib. Limanın inkişaf proqramı 5 fazadan ibarətdir. Hazırda birinci faza təkmilləşib və ikinci fazada işlərin 40%-i görülüb. Yaxın 6 ildə limanın bütün fazalarının istifadəyə verilməsi nəzərdə tutulub. Liman tam təkmilləşdikdən sonra ildə 80 mln. ton yükdaşıma potensialına malik olacaq.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date