Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər

Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
  • Clock-gray 12:01
  • calendar-gray 05 Dekabr 2019

“KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədov Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.

APA-nın astrobl.ru saytına istinadən verdiyi xəbərə görə, Həştərxan vilayəti qubernatorunun Administrasiyasının Mətbuat və İnformasiya İdarəsinin yaydığı məlumatda bildirilir ki, işgüzar səviyyədə keçən görüşdə regionun nəqliyyat infrastrukturunun inkişafı, eləcə də Kutum stansiyasında yaradılan dəmiryol loqistikasının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, vilayət ərazisində habın inkişafında "San Layt-Astraxan Holdinq” MMC-nin Həştərxandakı şirkətinin nümayəndəliyi mühüm rol oynayır.

Qalib Məmmədov bildirib ki, hazırda şirkət bütün gücünü və potensialını habın daha məhsuldar və səmərəli işləməsinə səfərbər edib.

Vurğulanıb ki, hazırda hab vasitəsilə İran və Türkiyədən yüklərin qarşılıqlı şəkildə daşınması təmin edilib. Bundan başqa, Özbəkistanla bu istiqamətdə səmərəli danışıqlar aparılır. Şirkət tezliklə hab vasitəsilə yükdaşımaların həcminin 1 milyon tona çatdırılmasını qarşısına məqsəd qoyub.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin isə bildirib ki, sözügedən layihə vilayətin inkişafına öz töhfəsini verir: "İnanırıq ki, gələcəkdə sizin nəqliyyat habının inkişafı nəticəsində yükdaşımaların həcminin 1 milyon tona çatdırılması mümkün olacaq. Bu işdə əvvəlki administrasiyanın sizə göstərdiyi bütün lazımı dəstəyi biz də verməyə hazırıq. Bu şəbəkənin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm elementlərindən birinə çevriləcəyi istisna edilmir".

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit imkanlarının inkişafının təmin olunması Rusiya Prezidenti Vladimir Putinin regionun rəhbərliyi qarşısında qoyduğu tapşırıqlar sırasındadır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date