TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib

TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
  • Clock-gray 10:18
  • calendar-gray 07 Dekabr 2019

Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda TRASEKA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. İclasda Komissiyaya sədrlik Azərbaycana ötürülüb.

İqtisadiyyat naziri, TRASEKA Hökumətlərarası Komissiyasının yeni sədri Mikayıl Cabbarov Azərbaycanın sədrliyi dövründə qurumun daha da inkişaf edəcəyinə, TRASEKA-nın regionda aparıcı nəqliyyat dəhlizi kimi güclənəcəyinə əminliyini ifadə edib.

Məlumata əsasən, M.Cabbarov “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası çərçivəsində aparılan müzakirələrin təşkilatın möhkəmlənməsində və üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb. Bildirilib ki, TRASEKA çərçivəsində görülən genişmiqyaslı işlər Avrasiyanın enerji və nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrilib və regionun nəqliyyat xəritəsini formalaşdırıb.

Sonra TRASEKA-nın Baş katibi Mirça Çiopraqanın TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIII iclasından keçən dövr ərzində gördüyü işlər barədə hesabatı dinlənilib.

TRASEKA-nın Azərbaycan üzrə Milli Katibi Akif Mustafayev Avropa-Qafqaz-Asiya dəhlizinin böyük imkanlarının olduğunu qeyd edib, ölkəmizdə nəqliyyatın inkişafı və şaxələndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Üzv və müşahidəçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Əsas Çoxtərəfli Saziş üzrə qərar və tövsiyələrin icrasına dair məlumat verib, üzv ölkələr tərəfindən həyata keçirilən qlobal miqyaslı təşəbbüslərin regionu mühüm nəqliyyat qovşağına çevirdiyini qeyd ediblər.

İclasda beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, TRASEKA-nın strateji əhəmiyyətli layihələrin reallaşdırılması baxımından önəmli platforma olduğunu və regionun tranzit cəlbediciliyini artırdığını diqqətə çatdırıblar.

Tədbirdə Komissiyanın 2016-2026-cı illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizinin inkişafı Strategiyasının 2018-2021 il üzrə Tədbirlər Planının icra vəziyyəti, 2018-ci il üzrə beynəlxalq avtomobil daşımalarına dair TRASEKA-nın icazə sisteminin hesabatı, digər üzv ölkələrin TRASEKA multimodal daşımalarının inkişafı haqqında Sazişə qoşulması və digər məsələlər barədə müzakirələr aparılıb.

Komissiyanın iclası çərçivəsində TRASEKA-nın fəaliyyəti ilə bağlı bir sıra sənədlər təsdiq edilib və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş Katibliyinə seçkilər keçirilib.

Emil İsmayılov

Digər xəbərlər