Taleh Ziyadov: "Bakı Limanı ötən il konteyner aşırımını 54% artırıb" - FOTO

Taleh Ziyadov: "Bakı Limanı ötən il konteyner aşırımını 54% artırıb" - FOTO
  • Clock-gray 16:00
  • calendar-gray 12 Fevral 2020

Bakı Limanının Baş direktoru Taleh Ziyadov “Caspian European Club”ın təşkil etdiyi “СEO Lunch”ın qonağı olub.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, fevral ayının 12-də ənənəvi keçirilən CEO Lunch tədbirinin qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov olub. 100-ə yaxın yerli və xarici qonaqların, diplomatik nümayəndələrin qatıldığı tədbirdə çıxış edən Baş direktor qeyd edib ki, 2019-cu il liman üçün uğurlu bir il olub və bir neçə əlamətdar hadisə ilə yadda qalıb. İlk olaraq, 2019-cu ildə təkərli texnika və konteyner aşırılması üzrə son 28 ilin rekord göstəricisi qeydə alınıb.

T. Ziyadovun sözlərinə görə, yükaşırmanın həcmi 2018-ci ilə (3 787,8 min ton) nisbətən 7,2% artaraq 4 061,6 min ton olub. 2019-cu ildə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində 2018-ci il ilə müqayisədə 54% artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 887 TEU təşkil edib). TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 57% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb.

2019-cu il oktyabrın 16-da Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” – ESPO) PERS – “EcoPorts” sertifikatına layiq görülüb. Bununla da Bakı Limanı Xəzər dənizi bölgəsində PERS – “EcoPorts” sertifikatını alan ilk liman olub.

"Bakı Limanı üçün “EcoPort” olmaq yaşıllığa və davamlı gələcəyə həqiqi inam təcəssüm etdirir. Bakı Limanının adı çəkilən sertifikatı alması liman əməkdaşları və Avropa tərəfdaşları tərəfindən son üç ildə aparılan məqsədyönlü işin nəticəsidir. “Ətraf mühitin qorunması və ekologiya yönümlü siyasəti ilə Bakı Limanı bölgədəki digər limanlara nümunə olmaqda davam edəcək”, - T. Ziyadov qeyd edib.

T. Ziyadov mühüm hadisə kimi, 2019-cu il noyabrın 26-da Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Middle Corridor – Orta Dəhliz) vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə sazişin imzalanması hadisəsinə diqqəti cəlb edib. Baş direktorun sözlərinə görə, bu saziş Qərbdən Şərqə doğru Avropanın ən mühüm nəqliyyat qovşaqlarından olan Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələ olacaqdır.

Bu ilin mühüm gözləntisi kimi isə mart ayından etibarən Bakı Limanı ərazisində “gömrük və müvəqqəti saxlanc anbarı”nın işə düşməsini qeyd etmək olar. Bu yenilik yükdaşıma həcminin artmasına, yerli və xarici şirkətlərin əməliyyat imkanlarının genişlənməsinə xidmət edəcəkdir.

Çıxışının sonunda baş direktor tədbir iştirakçılarının suallarını cavablandırıb.

Sonra “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən “CEO Lunch” sayəsində “Caspian European Club”ın biznes-netvorkinq üçün beynəlxalq platformaya çevrildiyini bildirib. “CEO Lunch” Xəzər dənizi-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır. “CEO Lunch” həmçinin dövlət və özəl sektor arasında dialoqun qurulmasında aparıcı alətlərdən biridir.

Daha sonra Taleh Ziyadova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”ın üzv şirkətlərinə də sertifikatlar verilib.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb və mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Klubun həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada isə səlahiyyətli nümayəndələri fəaliyyət göstərir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date