Alternativ və bərpa olunan enerji sahəsinin inkişafı Azərbaycana nə verə bilər? - TƏHLİL

Alternativ və bərpa olunan enerji sahəsinin inkişafı Azərbaycana nə verə bilər? - TƏHLİL
  • Clock-gray 15:19
  • calendar-gray 25 Fevral 2020

Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Karbohidrogen ehtiyatlarının sonsuz olmadığı, nə vaxtsa tükənəcəyi, eləcə də ekologiyaya ziyan vurması üzümüzü alternativ enerji mənbələrinə çevirmək zərurəti yaradır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunmaqdadır.

Bir çox insanlar və ekspertlər alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq lazımdır. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda... Sevindirici haldır ki, bu şərait və imkanlar isə Azərbaycanda mövcuddur.

Qeyd edək ki, ölkənin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov deyir ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinin genişləndirilməsi böyük iqtisadi imkanlar yaradacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycanda istehsal edilən elektrik enerjisinin böyük bir hissəsi ənənəvi enerji mənbələri hesabına başa gəlir. Söhbət qaz elektrik stansiyalarından gedir. Ötən ilin nəticələrinə görə, ölkədə istehsal edilən elektrik enerjinin 93%-i qaz hesabına əldə olub. Qalan 7% isə bərpa olunan enerji mənbələrinin (su elektrik stansiyaları daxil olmaqla) payına düşür.

“Azərbaycanda alternativ enerji sahəsində iri layihələrin inkişafı qazdan istifadəni azaltmağa imkan verəcək. Təqribi götürsək, 1 mlrd. kVt-saat elektrik enerjisi alternativ enerji mənbələrindən istifadə edilərək istehsal olunsa, biz 250 mln. kubmetr qaza qənaət etmiş oluruq”, - deyə Ə. Həsənov bildirir.

O, həmçinin, əlavə edir ki, qaza qənaət Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə də şərait yaradacaq. Yəni bərpa olunan enerji mənbələri hesabına qənaət edilən qaz həm daxili bazarda istifadə edilə (əhalinin, sosial və sənaye obyektlərinin ehtiyaclarının təmin edilməsi), həm də ixraca yönəldilə bilər.

“Əgər biz bərpa olunan enerji mənbələri sahəsində layihələrin inkişafı zamanı subsidiyalardan istifadə etməriksə, bu zaman qənaət edilən təbii qaz tamamilə dövlətin qazancı olacaq”, - deyə Ə. Həsənov vurğulayır.

Nazirliyin nümayəndəsi fərdi qaydada şəbəkəyə qoşulmadan (məsələn, ayrı-ayrı həyət, çoxmərtəbəli və sosialyonümlü obyektlərin üzərində günəş panellərin quraşdırılması) alternativ və bərpa olunan enerji mənbələrindən istifadəsi məsələsinə də toxunub.

Ə. Həsənov qeyd edir ki, hazırda bu, mümkündür, lakin belə bir sistemin yaradılmasının mənfi tərəfləri də var. Belə ki, günəş panellərinin akkumulyator sistemi mövcud olmadığı halda ondan istifadə yalnız günəş olan saatlarla məhdudlaşır: “Günəş olmadığı saatlarda biz özümüzü təmin etmək üçün ümumi şəbəkədən elektrik enerjisi almalı oluruq. Akkumulyatorların quraşdırılması (elektrik enerjisinin saxlanılması üçün – red.) isə kiçik enerji sisteminin yaradılmasını əlavə xərclər hesabına bahalaşdırır. Bu məsələni həll etmək üçün sözügedən sahədə enerji mübadiləsi mexanizmi işlənilib. Bu mexanizm fərdi qaydada bərpa olunan enerji mənbələrindən istifadə edərək istehsal olunan elektrik enerjisini şəbəkəyə vermək və ondan istifadə etməyə imkan yaradır. Hesabat dövründə şəbəkəyə istifadə etdiyinizdən artıq verilən elektrik enerjisi müqabilində vəsait ala bilərsiniz (ölkədə müəyyən edildiyi tarif üzrə - red.), artıq istifadə etdiyiniz halda isə öz tərəfinizdən bu vəsaiti şəbəkə operatoruna ödəyirsiniz”.

Qeyd edək ki, bu və digər məsələlər ölkədə alternativ enerji sahəsində hazırlanan hüquqi sənədlərin layihələrində, o cümlədən, alternativ və bərpa olunan enerji mənbələri haqqında qanun layihəsində əksinin tapıb və hazırda baxılır.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aparıcı elmi işçisi Kamil Qurbanov deyir ki, Azərbaycanın bir sıra ərazisində həm günəşli, həm də küləkli günlərin sayının çox olması respublikada alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük imkanlar yaradır: “Məhz buna görə də dövlət tərəfindən bu sahənin inkişafına böyük diqqət göstərilib. Məsələn, Azərbaycanın bir sıra bölgəsində günəş panelləri quraşdırılıb və bunlar müəyyən qədər istehlakçını elektrik enerjisi ilə təmin edir. Artıq bu sahə xarici şirkətlərlə əməkdaşlıqda da inkişaf etdirilir”.

Qeyd etmək lazımdır ki, bu il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” və “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə Azərbaycanda 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt-lıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Sözügedən şirkətlər Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq. Layihələrin reallaşdırılması iki ilə yaxın vaxt aparacaq və mərhələli qaydada icra olunacaq. Sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-i deməkdir. 300 mln. kubmetr Naxçıvan Muxtar Respublikasının qaz üzrə tələbatından artıq həcmdir.

Bununla yanaşı, K. Qurbanov daxili enerji sistemlərinin yaradılmasından söhbət açıb. Onun sözlərinə görə, ümumi elektrik enerjisindən asılı olmayan bərpa olunan enerji mənbələri bazasında yaradılan kiçik lokal sistemlərinin ucqar və elektrik xətlərinin çəkilə bilmədiyi obyektlərində də quraşdırıla bilər və bu baxımdan çox səmərəlidir. 

Belə daxili sistemlər fərdi yaşayış evlərində, uşaq bağçalarında, məktəblərdə və digər sosial obyektlərdə quraşdırıla bilər. Bu tədbirlər isə sözügedən obyektləri elektrik enerjisi ilə təmin etməklə yanaşı, ənənəvi enerji mənbələrinə qənaət imkanı da yaradacaq. “Bu kimi tədbirlər ölkədə ənənəvi enerji mənbələrinə, o cümlədən qaza qənaət etməyə zəmin yaradacaq”, - deyə K. Qurbanov əlavə edir.

Onun sözlərinə görə, ölkədə böyük alternativ və bərpa olunan enerji mənbələri resursları ilə yanaşı, bu sahənin inkişafı üçün də lazım olan avadanlığın istehsalı üçün geniş imkanlar mövcuddur. Hazırda alternativ və bərpa olunan enerji obyektlərinin tikintisində xarici avadanlıqla yanaşı, ölkədə istehsal edilən avadanlıqdan da istifadə edilir. Bu sahə üçün lazım olan avadanlıqların istehsalının genişləndirilməsi isə Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına bir qədər də təkan verəcək və daha sərfəli olacaq.

Onu da qeyd etmək lazımdır ki, bir çox ölkədə təhsil, səhiyyə və digər sosialyönümlü obyektlər bərpa olunan enerji mənbələri hesabına özlərini təmin edə bilir. Belə ki, 2015-ci ildə Kembric Regional Kolleci “EvoEnergy”ə müraciət edərək, müəssisənin dam örtüyünə 250 kVt-lıq günəş fotoelektrik sistem quraşdırılmasını xahiş etmişdi. Nəticədə, kollecin illik enerji xərcləri əhəmiyyətli dərəcədə azalmışdı. Dam örtüyündə 186 kVt-saat gücündə günəş batareyası quraşdırılmış Portland Kolleci də elektrik enerji xərclərini 15% azaltmışdı. Bununla yanaşı, İtaliya şirkəti “Società Energetica Lucana” 2012-ci ildə İtaliyanın cənubundakı Basilikata bölgəsinin paytaxtı Potenzadaki San-Karlo xəstəxanasında günəş fotoelektrik qurğusu quraşdırdı. 6 aydan sonra Basilikatanın regional səhiyyə sistemi üçün elektrik enerjisi xərclərinin azalması təqribən 290 min avro təşkil edib.

Suriyada da müxtəlif sosialypnümlü obyektlərdə günəş panelləri quraşdırılır. Yerli xəstəxanaların damlarına günəş panellərinin quraşdırılması təşəbbüsü Syria Solar tərəfindən irəli sürülmüşdü. Dəstək Fransız Tibb Təşkilatları və Yardım Təşkilatları Birliyi (UOSSM), beynəlxalq tibb təşkilatlarının beynəlxalq koalisiyası və bir sıra qeyri-hökumət təşkilatları tərəfindən təmin edilmişdi.

Mütəxəssislər hesab edir ki, alternativ enerji mənbələrindən istifadə zamanı texniki vasitələrin quraşdırılması zamanı boş yerlərdən düzgün istifadə effektivliyi daha da artıra bilər. “Environmental Research Letters” jurnalında dərc edilmiş araşdırmaya əsasən, təhsil müəssisəsinin ərazisindəki alternativ enerjinin texniki vasitələrinin quraşdırılması üçün boş yerlərin düzgün istifadəsi nəticəsində məktəblərin elektrik enerjisinə olan tələbatının 75%-nin ödənməsi mümkündür.

Yuxarıdakıları nəzərə alaraq, əminliklə söyləmək olar ki, günəş istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlər bu sistemin bütün üstünlüklərindən yararlanmaqla Azərbaycanın bölgələrindəki sosial əhəmiyyətli obyektlərin alternativ enerji təchizatı sisteminə keçidini təmin edə bilər.

Bu təcrübənin Azərbaycan dövlət strukturları tərəfindən dövlətə məxsus sosial obyektlərdə tətbiqi isə ölkədə alternativ enerji mədəniyyətinin inkişafına da təkan verərdi. Odur ki, enerji təchizatının alternativ üsuluna keçid problemini hərtərəfli nəzərdən keçirmək lazımdır. Bu, bir tərəfdən dövlətə təbii qaz kimi təbii ehtiyatlara qənaət etməyə kömək edəcək, digər tərəfdən qeyri-ödəniş problemini aradan qaldıracaq və nəhayət, alternativ enerji sahəsində texniki vasitələrə sərf olunmuş xərcin əvəzini çıxarması hesabına istehlakçıların özlərinə mənfəət gətirəcək. Təbii ki, alternativ enerji sahəsinin inkişafı ilə ekologiyaya vurulan ziyanın xeyli dərəcədə azalacağını da unutmaq olmaz.

Emil İsmayılov

Digər xəbərlər