Azərbaycanda ənənəvi enerji mənbələrini nə əvəz edə bilər? - ŞƏRH

Azərbaycanda ənənəvi enerji mənbələrini nə əvəz edə bilər? - ŞƏRH
  • Clock-gray 12:00
  • calendar-gray 23 İyun 2020

Planetimizin əhalisi ildən-ilə artır, gələcəkdə ənənəvi enerji mənbələrinin tükənməsi təhlükəsi bəşəriyyətin neft-qaz və kömürdən asılılığını azaltmağı zəruri edir. Koronavirus pandemiyası nəticəsində baş verən iqtisadi fəlakətlər bir daha sübut etdi ki, qlobal iqtisadi sistem çox kövrəkdir və onun yenilənməyə, transformasiyalara və yeni, daha təsirli mexanizmlərinin tətbiqinə ehtiyacı var.

Enerji iqtisadi inkişafın mühərriki və insan rifahının inkişafının təminatçısıdır. Bəşəriyyət davamlı olaraq yeni və əlverişli enerji mənbələri axtarışındadır. İnsan su elektrik potensialından çoxdan istifadə etməyə başlayıb, dərin yeraltı laylarda yerləşən enerji daşıyıcılarını mənimsədi və nüvə enerjisini inkişaf etdirməyə başladı. Hazırda qarşımızda yeni məqsədlər durur. Ənənəvi enerji mənbələri tədricən qlobal iqtisadiyyatının daha da effektiv inkişafı üçün bir panaseya (universal vasitə) statusunu tədricə itirməkdədir. İndi bəşəriyyət baxışlarını alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldib.

Qlobal iqtisadiyyat üçün çətin dövrə baxmayaraq, dünyada bu perspektivli istiqamətin inkişafına yönəldilən səylər dayandırılmayıb. Azərbaycan da istisna deyil. Alternativ enerjinin inkişafı üçün ölkədə mühüm işlər aparılıb və davam etdirilir.

Sevindirici haldır ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. Ölkənin mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Hazırda ölkə sözügedən potensialdan az da olsa, istifadə edir. Son 7 ildə Azərbaycanda alternativ enerji mənbələrindən alınan enerjinin istehsalı dəfələrlə artıb.

Energetika Nazirliyinin məlumatlarına əsasən, 2013-2019-cu illərdə külək və günəş stansiyaları tərəfindən Azərbaycanda 408 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. Belə ki, 2013-cü ildə bu stansiyalar cəmi 1,6 mln. kVt-saat elektrik enerjisi istehsal etmişdirsə, 2019-cu ildə bu göstərici 149 mln. kVt-saat təşkil edib, bu da son 7 ildə 93 dəfə artım deməkdir.

Qeyd olunan dövr ərzində istehsal artımı bioelektrik stansiyalarda da müşahidə olunub.  Hesabat dövründə ölkənin bioelektrik stansiyaları 1,19 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib və 2013-2019 illəri əhatə edən dövrdə enerji istehsalı 46,3% artıb.

Alternativ energetika sahəsində bu il də artım qeydə alınıb. Cari ilin yanvar-may aylarında Azərbaycandakı Külək, Günəş Elektrik Stansiyaları və  Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 151,9 mln. kVt- saat elektrik enerjisi istehsal edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 mln. kVt-saat çoxdur.

Bəli, alternativ enerji mənbələrindən istehsal hələ ki, bir o qədər də yüksək deyil. Buna baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə Azərbaycanda 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt-lıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, ildə təxminən 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Bu şirkətlər Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələr çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq. Layihələrin reallaşdırılması 2 ilə yaxın vaxt aparacaq və mərhələli qaydada icra olunacaq. Sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-nə bərabərdir. Eyni zamanda, bu, 300 mln. kubmetr Naxçıvan Muxtar Respublikasının qaz üzrə tələbatından artıq bir həcmdir. Onu da qeyd etmək lazımdır ki, sözügedən stansiyaların tikintisinə bu ilin payızında başlanacağı gözlənilir.

Bundan əlavə, Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2021-ci ilin mart ayına qədər başa çatdırılması gözlənilir.

Lakin hər şey bu layihələrlə kifayətlənmir. Azərbaycanda bir sıra sahələrdə iri günəş və külək stansiyaların tikintisi nəzərdə tutulub. Bu layihələri həyata keçirmək üçün hərraclar təşkil olunacaq. İstisna edilmir ki, bu prosesə cari ilin sonunadək start verilsin.

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun sözlərinə görə, Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı ölkənin ixrac potensialını artıra bilər. Bu məsələdə isə iki variant mümkündür.

Birincisi, artıq istehsal və səmərəli tarif təklifi olduğu halda elektrik enerjisi ixrac edilə bilər və ölkə bərpa olunan enerji mənbələrindən aldığı enerjidən gəlir əldə edə bilər.

İkinci istiqamət isə qazla bağlıdır. Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalında qazın payı 92%-dən çoxdur. Enerji sisteminin qoyuluş gücündə isə ənənəvi enerji mənbələrinin payı 83%-dir. Beləliklə, bərpa olunan enerji mənbələri hesabına qənaət edilən qaz daxili bazarda istifadə etməklə yanaşı, ixrac edilə bilər.

Ə. Həsənov onu da əlavə edib ki, alternativ energetika sahəsinin inkişafı və yeni enerji obyektlərin respublikanın enerji sistemini qoşulması çərçivəsində bir sıra hazırlıq işləri aparılmalıdır – şəbəkənin gücləndirilməsi, yarımstansiyaların tikintisi, ötürücü xətlərin tikintisi və digər infrastrukturun yaradılması həyata keçirilməlidir.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 556 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.

Hazırda dünyada alternativ enerji mənbələrinin inkişaf üç istiqamət üzrə aparılır – isitmə-soyutma sahəsi (10%-ə yaxın), nəqliyyat sektoru (3%) və elektrik enerjisinin istehsalı (26-27%). Azərbaycanda da bütün dünyadakı kimi, alternativ enerjinin inkişafı əsas elektrik enerjinin istehsalı istiqamətində gedir. Qoyulan məqsədə əsasən, 2030-cu il üçün ölkədə istehsal edilən elektrik enerjisinin ümumi həcmində alternativ enerji mənbələrinin payını 30%-ə çatdırmaqdır. "Hədəflər də müəyyənləşdirilib", - deyə, Ə. Həsənov əlavə edib.

Qeyd edək ki, bu hədəfə nail olmaq üçün dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadə verilməsi istiqamətində tədbirlər həyata keçirilir, hüquqi bazanın yaradılması sahəsində işlər aparılır.

Ə. Həsənovun sözlərinə görə, alternativ enerji mənbələrində istifadənin genişləndirilməsi tək sahənin deyil, həm də ölkədə yeni texnologiyaların istehsalı, xidmət və layihələndirmə sahələrinin inkişafı üçün şərait yarada bilər. Sözsüz ki, bütün bu proseslər yeni iş yerlərinin açılmasına gətirib çıxardacaq.

Bununla yanaşı, mütəxəssisin sözlərinə görə, hazırda alternativ enerji mənbələrindən istifadənin fərdi qaydada istifadəsi istiqamətində də aktiv işlər aparılır. Kiçik alternativ enerji qurğularının şəbəkəyə qoşulması, həmin obyektlərdə istehsal edilən elektrik enerjisinin ümumi şəbəkəyə ötürülməsi və enerjinin şəbəkədən alınması məsələlərinin həll edən mexanizmin üzərində hazırda işlər aparılır.

Sözügedən mexanizmin hazırlanması və tətbiqi, texniki-quraşdırılma məsələlərinə həlli və iqtisadi səmərəliliyin artımı gələcəkdə kiçik alternativ enerji qurğularının istixanalarda, kənd təsərrüfatında, meliorasiya və digər sahələrdə geniş istifadə olunması və alternativ energetikanın ölkə ərazisində populyarlaşmasına imkan verəcək.

Emil İsmayılov

Digər xəbərlər