AMB: Banklarda xarici valyutaların alış-satış məzənnələri ötən il rəsmi məzənnəyə yaxın olub

AMB: Banklarda xarici valyutaların alış-satış məzənnələri ötən il rəsmi məzənnəyə yaxın olub
  • Clock-gray 12:08
  • calendar-gray 28 Fevral 2020

2019-cu ildə banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, il ərzində kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6978, satış məzənnəsi isə 1,7022 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış və satış məzənnələri arasında fərq 0,1% (0,0022 manat) olub.

Qeyd edək ki, 2019-cu il ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib.

AMB-nin məlumatına əsasən, hesabat ilində manat türk lirəsinə qarşı 11%, avroya qarşı 2,2%, gürcü larisinə qarşı 6,8% bahalaşıb. Eyni zamanda milli valyuta Ukrayna qrivnasına qarşı 15,7%, Rusiya rubluna qarşı 11,8%, yapon yeninə qarşı 1,4% ucuzlaşıb.

"İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. İl ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 0,4% bahalaşmış, real effektiv məzənnəsi (REM) isə 2,1% ucuzlaşıb. REM-in ucuzlaşması Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan əhəmiyyətli az olması ilə izah edilir", - AMB-nin məlumatında deyilir.

Qeyd edək ki, 2014-cü ilin sonundan bəri REM 33,6% ucuzlaşıb ki, bu da qeyri neft-qaz sektorunun rəqabət qabiliyyətinə müsbət təsir göstərir.

AMB-nin məlumatında bildirilib ki, 2019-cu ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

İl ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib. 2019-cu ildə Mərkəzi Bankda ümumilikdə 101 valyuta hərracı keçirilib.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date