AYİB Azərbaycan da daxil olmaqla, tərəfdaş ölkələrə 1 mlrd. avro ayırıb

AYİB Azərbaycan da daxil olmaqla, tərəfdaş ölkələrə 1 mlrd. avro ayırıb
  • Clock-gray 12:09
  • calendar-gray 03 Aprel 2020

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone, qurumun Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansen və Bankın Azərbaycan üzrə rəhbəri İvana Duarte ilə telefon danışıqları aparıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müzakirələr koronavirus (COVID-19) epidemiyasının təsirləri ilə mübarizə istiqamətində Azərbaycan hökumətinin və Bankın səylərinin birləşdirilməsinə həsr olunub.

Qeyd edilib ki, AYİB, Azərbaycandakı müştərilər də daxil olmaqla, 38 ölkəni əhatə edən tərəfdaş ölkələr üçün 1 mlrd. avro dəyərində təcili "həmrəylik paketi" təqdim edib.  Bu baxımdan, Bank Azərbaycanla əməkdaşlığı intensivləşdirmək niyyətindədir.

M. Cabbarov koronavirus pandemiyasının, habelə dünya enerji və fond bazarlarında yaranan vəziyyətin Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə təsirini azaltmaq məqsədilə ölkə Prezidenti tərəfindən martın 19-da Fərman imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Fərmana əsasən, koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə dövlət büdcəsindən 1 mlrd. manat ayrılıb. İqtisadiyyat naziri Azərbaycanın mövcud çağırışları qarşılamaq üçün kifayət qədər resurslara malik olduğunu, eyni zamanda AYİB-in təklif etdiyi dəstək tədbirlərinin də dəyərləndirildiyini diqqətə çatdırıb.

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone Azərbaycan hökuməti ilə mövcud sıx əməkdaşlığı yüksək qiymətləndirib və bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə, bu məqsədlə səyləri artırmağa hazır olduqlarını vurğulayıb. Qeyd edib ki, AYİB təcili dəstək proqramı çərçivəsində Bank müştərilərinə likvidlik, dövriyyə kapitalı və ticarətin maliyyələşdirilməsi kimi tədbirlərlə dəstək verməyə hazırdır.

Məlumat üçün bildirək ki, AYİB bu günə qədər Azərbaycana 173 layihə üzrə 3,5 mlrd. avro məbləğində maliyyə vəsaiti ayırıb. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri, 1 000-dən çox şirkətə isə dəstək göstərir.

Hüseyn Vəliyev

Digər xəbərlər