AYİB yerli kreditora 6 mln. dollar vəsait ayırıb

AYİB yerli kreditora 6 mln. dollar vəsait ayırıb
  • Clock-gray 09:42
  • calendar-gray 13 Dekabr 2019

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Bank Respublika” ASC-yə Azərbaycan manatı ekvivalenti ilə 6 mln. ABŞ dolları məbləğində kredit ayırıb.

Bu barədə “APA-Economics”ə AYİB-dən bildirilib.

Yerli valyuta ekvivalenti ilə 4 mln. dollar mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) kredit təqdim edildiyi halda, yerli valyuta ekvivalenti ilə 2 mln. dollar kənd təsərrüfatı bizneslərini maliyyələşdirmək üçün Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi (AZAFF) üzrə təmin ediləcək. Məlumatda bildirilir ki, Avropa İttifaqı (Aİ) vəsaitləri ilə dəstəklənən AZAFF ölkənin kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsini artıraraq onun inkişafını gücləndirmək məqsədi daşıyır.

“Bank Respublika” AYİB vəsaitlərinin böyük hissəsini böyük şəhərlərdən kənarda yerləşən şirkətlər və yeni müştərilərə yönəltməyi planlaşdırır. Bankların kredit verməsini stimullaşdırmaqla yerli bizneslər üçün vəsaitlərə çıxışın daha da genişləndirilməsi ölkədə AYİB prioritetləri sırasındadır.

AYİB həmçinin neft sektorundan başqa özəl sektor və xüsusən də kənd təsərrüfatının inkişafını dəstəkləməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində işlər həyata keçirir.

Bu ilin əvvəllərində Bank və Avropa İttifaqı yerli kreditorların kənd təsərrüfatı şirkətlərinə verilən kreditləri dəyərləndirmək üçün innovasiyalı alət olan AzALES-i tətbiq edib. Bu sistem Azərbaycanda kommersiya baxımdan əlverişli olan bitkiçilik və heyvandarlıq məhsullarını əhatə edir və banklara riski daha effektli qiymətləndirmək, kredit üçün müraciətləri daha operativ işləmək və kiçik özəl fermaların vəsaitlərə çıxışını yaxşılaşdırmaq imkanı verir. AYİB fermerlər üçün maliyyə maarifləndirməsi üzrə təlim də təşkil edir və yalnız bu il ərzində ölkədə 130 fermerə təlim keçib. Öyrənmə proqramı planlaşdırma, mühasibatlıq, uçot, vəsait axını və mənfəətin hesablanması, qənaətin edilməsi, kreditlərin götürülməsi və həmçinin kreditorlarla işin əsaslarını əhatə edir.

Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı institusional investordur və indiyədək iqtisadiyyatın müxtəlif sektorlarında demək olar ki, 170 layihəyə 3,3 mlrd. avro investisiya qoyuluşu edib. Bankın ölkədə yeni strategiyası Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsi və qeyri-neft sektorlarında özəl sektorun payının artırılması səylərinə yardım etmək məqsədi daşıyır.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date