Azərbaycan FSAP çərçivəsində BVF və Dünya Bankı ilə əməkdaşlığı davam etdirəcək

Azərbaycan FSAP çərçivəsində BVF və Dünya Bankı ilə əməkdaşlığı davam etdirəcək
  • Clock-gray 15:10
  • calendar-gray 21 Oktyabr 2020

Azərbaycanda maliyyə sektorunun keyfiyyətcə yeni iqtisadi artımda rolunun gücləndirilməsi məqsədi ilə hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində başlanmış əməkdaşlıq davam etdiriləcək.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu haqda AMB sədri Elman Rüstəmovun da iştirak etdiyi BVF-in Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrlərinin iştirakı ilə video-konfrans formatında keçirilən toplantısında qeyd edilib.

Bundan öncə Fondan "APA-Economics"ə bildirilmişdi ki, Dünya Bankı FSAP çərçivəsində yer alacaq İnkişaf Moduluna rəhbərlik edəcək. Modul, maliyyə sabitliyi də daxil olmaqla maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edəcək.

Toplantıda E. Rüstəmov bildirib ki, makroiqtisadi siyasət, o cümlədən maliyyə sabitliyi siyasəti post-pandemiya dövründə ölkə iqtisadiyyatının üzləşdiyi yeni çağırışlara yönələcək və maliyyə sektorunun sabitliyini və inklüzivliyini yüksəltməklə iqtisadi artımın dayanıqlı bərpasına dəstək verəcək.

Bundan əlavə, iclasda çıxış edən E. Rüstəmov bildirib ki, cari ildə dünyanın bütün ölkələri presedenti olmayan şoklar kombinasiyasına məruz qalıb. Pandemiya ilə bağlı yaranmış vəziyyət dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Lakin əvvəlki illərdə yaradılmış makroiqtisadi idarəetmə platforması, maliyyə buferləri və uzun illər ərzində əldə etdiyimiz böhran idarəetmə təcrübəsi bu şokların iqtisadiyyata və maliyyə sektoruna təsir kanallarını məhdudlaşdırıb. Qabaqlayıcı rejimdə həyata keçirilən anti-böhran tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunmuş və daha dərin resessiyanın qarşısı alınıb.

E. Rüstəmov iştirakçıları sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı da məlumatlandırıb. Sədr qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələrində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb. Erməni silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan bir sıra şəhər, kəndlərimiz və vacib yüksəkliklər azad olunub. Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması məqsədi ilə döyüşlər davam edir. O bildirib ki, dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər