Azərbaycan Maliyyə Nazirliyi dövlət şirkətlərinə müraciət edib

Azərbaycan Maliyyə Nazirliyi dövlət şirkətlərinə müraciət edib
  • Clock-gray 11:38
  • calendar-gray 29 İyun 2020

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və ““Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilmiş və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər qarşısında tələblər müəyyən olunub.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, həmin Qərarla təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 4.1-cü bəndinə  əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri banklar və digər kredit təşkilatları, sığortaçı və təkrarsığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və lisenziyalaşdırılan ödəniş sistemlərinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ilə, digər hüquqi şəxslərə münasibətdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya ilə razılaşdırılaraq təsdiq edilməlidir. Həmçinin Qaydanın 4.2-ci bəndinə əsasən illik səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəriciləri hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra hesabat ilindən əvvəlki ilin noyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli Qərarı ilə iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə yaradılmış Komissiyanın Katibliyinə təqdim edilməlidir.

Qeyd edək ki, Komissiyanın Katibliyinin funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Qərarla Komissiyaya iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının ilkin layihələrinin tərtibi, müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatların Komissiyada müzakirəsi ilə bağlı işlərin həyata keçirilməsi tapşırılıb.

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 5.11-ci bəndinə əsasən hüquqi şəxslər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanması ilə bağlı sənədləri bu Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlara hesabat ilindən sonrakı ay ərzində təqdim edir. Həmin Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlar təqdim olunan sənədlər əsasında ildə 1 dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanmasının monitorinqini həyata keçirir.

Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli  Qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-dək Komissiyanın Katibliyi funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Hüseyn Vəliyev

Digər xəbərlər