Azərbaycanda bank əmanətlərində dollarlaşma səviyyəsi stabil qalıb

Azərbaycanda bank əmanətlərində dollarlaşma səviyyəsi stabil qalıb
  • Clock-gray 11:04
  • calendar-gray 01 İyun 2020

Azərbaycanda fiziki şəxslərin əmanətlərində dollarlaşma aylıq müqayisədə 0,01 faiz bəndi azalaraq mayın 1-nə 55,13% təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, fiziki şəxslərin  Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında həm manatla, həm də xarici valyutada yerləşdirilmiş əmanətlərinin həcmi hər biri ayrılıqda 6%, azalıb.

Qeyd edək ki, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlində 52,16% olub. İlin əvvəli ilə müqayisədə xarici valyutada olan əmanətlərin həcmində 5% azalma müşahidə olunub.

Bu ilin mayın 1-nə fiziki şəxslərin Azərbaycandakı kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 7 758,0 mln. manat (aprelin 1-nə nisbətən 6% az) təşkil edib. Bu azalma əsasən lisenziyası ləğv olunmuş banklarla əlaqədardır. Bildirək ki, bu vəsaitin də 3 481,0 mln. manat və ya 44,9%-i milli valyuta, 4 277,0 mln. manat və ya 55,1%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Nərmin Rəhimova

Digər xəbərlər