Dövlət büdcəsinin icrasında 2,5 mlrd. manatdan çox profisit yaranıb

Dövlət büdcəsinin icrasında 2,5 mlrd. manatdan çox profisit yaranıb
  • Clock-gray 12:29
  • calendar-gray 03 Aprel 2020

Bu ilin I rübündə Azərbaycan dövlət büdcəsinin mədaxili 7 810,9 mln. manat, xərcləri 5 254,8 mln. manat olub, 2 556,1 mln. manat məbləğində profisit yaranıb.

APA-Economics” bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin I rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 810,9 mln. manat və ya rüblük proqnoza qarşı 35,9% çox icra olub. Həmin vəsaitin 32,5%-i və yaxud 2 536,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 039,9 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 221,2 mln. manat və ya 12,2% çoxdur.

Həmin vəsaitin 68,5%-və yaxud 1 396,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 mln. manat və ya 21,2% çoxdur.

2020-ci ilin I rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991,0 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 91 mln. manat və ya 10,1% çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 109,3 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 39,7 mln. manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4631,0 mln. manat vəsait transfert edilib ki, bu da proqnoza nisbətən 1793,5 mln. manat və ya 1,6 dəfə çoxdur.

Hesabat dövründə dövlət büdcəsində 2 556,1 mln. manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 533,4 mln. manat profisitdən 2 022,7 mln. manat çoxdur.

Cari ilin I rübündə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq (1 793,5 mln. manat) vəsait daxil olub ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 mln. manat profisit yaranıb.

Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması, ilk növbədə, dövlət büdcəsinə Dövlət Neft Fondundan proqnozdan artıq transfertin (1 793,5 mln. manat) köçürülməsi, habelə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (312,2 mln. manat) ilə təmin edilməsi hesabına olub.

Məlumata əsasən, 2020-ci ilin I rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,8% və yaxud 5 254,8 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 218,9 mln. manat və ya 4,4% çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48%-i və ya 2 519,8 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% və ya 415,3 mln. manat çoxdur.

Hesabat dövründə dövlət büdcəsi xərclərinin 3 919,9 mln. manatı və ya 74,6%-i cari xərclərə, 930,3 mln. manatı və ya 17,7%-i əsaslı xərclərə, 404,6 mln. manatı və ya 7,7%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Bu ilin yanvar-mart aylarında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date