Kanada tibb işçilərinin şərəfinə xüsusi sikkə buraxıb - FOTO

Kanada tibb işçilərinin şərəfinə xüsusi sikkə buraxıb - FOTO
  • Clock-gray 15:47
  • calendar-gray 01 İyul 2020

Kanadanın Sikkə Evi koronavirus pandemiyası fonunda həyatlarını təhlükə altına atan və Kanada əhalisini bu çətin dövrdə lazım olan hər şeylə təmin edən tibb işçiləri, könüllülər, ərzaq mağazalarının əməkdaşları və digər işçilərin şərəfinə xüsusi sikkə buraxıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Kanadanın Sikkə Evinin dərc etdiyi məlumatda deyilir.

Nikel örtüklü sikkənin bir tərəfində ağcaqayın yarpağı (Kanadanın simvolu) ilə kəsişən ürək, digər tərəfində isə böyük bir ürəyin mərkəzində dayanan bir qrup qucaqlaşan insanlar əks olunub. Onların altında ölkənin rəsmi dilləri sayılan ingilis və fransız dillərində "Təşəkkür edirik" sözü yazılıb.

Sözügedən sikkənin dəyəri 9,95 Kanada dolları (təxminən 7,5 ABŞ dolları) təşkil edir. Sikkəni yalnız onlayn qaydada sifariş etmək mümkündür. Satışdan əldə olunan bütün gəlir koronavirusla mübarizə üçün Kanada xeyriyyə fonduna köçürüləcək.

Xatırladaq ki, Kanadada koronavirus infeksiyasına ilk yoluxma faktı cari ilin yanvarın 15-də qeydə alınıb. Bu günədək ölkədə 104 mindən çox insan bu virusa yoluxub, onlardan 8,6 min nəfər ölüb, 67,5 min nəfər isə sağalıb.

APA-Economics

Digər xəbərlər