Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişib

Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişib
  • Clock-gray 20:27
  • calendar-gray 04 İyun 2020

Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişib. 

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Mərkəzi Bank və Dövlət Turizm Agentliyi hər biri 1 nəfər olmaqla, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasına üzv təyin edəcək. Ləğv edilmiş Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası Müşahidə Şurasına üzv təyin edən qurumlar siyahısından çıxarılıb. 

Qeyd edək ki, Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi, 1 üzvünü Maliyyə Nazirliyi, 1 üzvünü isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edir.

Müşahidə Şurasının sədri İqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, ictimai əsaslarla fəaliyyət göstərir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında 2018-ci il 31 iyul tarixli fərmanı ilə  Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək onun əsasında  İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər