Vüsal Qasımlı: "Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək"

Vüsal Qasımlı: "Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək"
  • Clock-gray 13:00
  • calendar-gray 10 İyul 2020

“Bankların müştərilərə verdikləri kreditlər pandemiya başlayandan – bu ilin fevralından aybaay azalır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu ilin mart-may aylarında kredit portfeli 6,1% azalaraq 14,4 mlrd. manata enib: “Burada bankların lisenziyasının alınması da təsir göstərib. Hansı ki, bankların nağd vəsaitləri, Mərkəzi Bankda və başqa banklarda müxbir hesablardakı vəsaitləri, həmçinin qiymətli kağızlarının həcmi böyüyür. Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb”.

Mərkəzin icraçı direktoru bildirib ki, manatın sabitliyi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və bəzi bankların sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir.

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən sahibkarlara bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması problemli kreditlərin yaranmasının qarşısını alacaq: “Belə ki, sahibkarlar tərəfindən alınacaq yeni 500 mln. manatlıq kreditin 60%-i  300 mln. manatlıq hissəsi dövlət zəmanəti ilə təmin ediləcək. Yeni veriləcək kreditlərə görə zəmanət - Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına olacaq. Subsidiya yeni kreditlərə illik faiz dərəcəsinin 50%-i həddində veriləcək”, - deyə V. Qasımlı bildirib.

V. Qasımlının sözlərinə görə, mövcud 1 mlrd. manatlıq kredit portfeli üzrə faiz subsidiyaları, habelə yeni kreditlərə 500 mln. manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması, bütövlükdə 1,5 mlrd. manat kredit portfelinə dəstəkdir: “Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10%-dən daha çoxdur. Bundan başqa pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bankın maliyyə bazarlarına dəstək istiqamətində qəbul etdiyi proqram üzrə – requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, maliyyə dayanıqlılığına dəstək istiqamətində icrası nəzərdə tutulan tədbirlər əks olunub. Maliyyə bazarları üzrə icrası nəzərdə tutulan tədbirlər-bank sektoru, sığorta bazarları və kapital bazarlarını əhatə edir”, - deyə Mərkəzin icraçı direktoru əlavə edib.

Hüseyn Vəliyev

Digər xəbərlər