Vüsal Qasımlı: "Dövlətin dəstək proqramı 2,5 mlrd. manat təşkil edəcək"

Vüsal Qasımlı: "Dövlətin dəstək proqramı 2,5 mlrd. manat təşkil edəcək"
  • Clock-gray 10:10
  • calendar-gray 31 Mart 2020

“Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb”.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, “McKenzie”nin hesablamalarına əsasən, bu il iqtisadi geriləmə dünyada 4,7%, Avrozonada 9,7%, Çində 2,7% və ABŞ-da 8,4% olacaq: “Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək. Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələ qədər heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya XXI əsrin ən ağır böhranına qədəm qoydu. Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kuliminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan hökuməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır”.

V. Qasımlı onu da bildirib ki, “Azərbaycanın antiböhran proqramı 2,5 mlrd. manat təşkil etməklə ÜDM-in 3,1%-ni təşkil edir. Müqayisə üçün deyək ki, Gürcüstan hökuməti 1 mlrd. lari dəyərində, yəni ÜDM-in 2%-i həcmində yardım paketi qəbul edib. Rusiya 300 mlrd. rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3%-ni təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-in 2%-ni təşkil edən 100 mlrd lirəlik yardım paketi açıqlayıb. Qırğızıstanın ÜDM-in 1%-i həcmində, başqa sözlə desək 9,4 mln. ABŞ dolları, Özbəkistan isə 1 mlrd. dollar məbləğində və ya ÜDM-in 1,5%-i həcmində anti-böhran paketi qəbul edib. İspaniya ÜDM-in 0,7%-ni təşkil edən 8,9 mlrd. avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər sanballı və miqyaslıdır”.

V. Qasımlı əlavə edib ki, qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr: “Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir”.  

Mərkəzin rəhbəri onu da qeyd edib ki, eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib.

“Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 mlrd. manatlıq kredit portfelinin 7 mlrd. manatı ev təsərrüfatlarına, 6,1 mlrd. manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 mlrd. manat və nəqliyyat və rabitə sektoruna 1,2 mlrd. manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 mlrd. manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi meyarlar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10% dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14%, hüquqi şəxslər üzrə 8,8% və fiziki şəxslər üzrə 16,6% təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15%-lik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək”, - deyə V. Qasımlı bildirib.

O həmçinin qeyd edib ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, BNA, "Bakı Metropoliteni", "Azərbaycan Dəmir Yolları" və s. qurumlara da dəstək veriləcək: “Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək. Beləliklə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır”.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date