Vüsal Qasımlı: "İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur"

Vüsal Qasımlı: "İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur"
  • Clock-gray 10:20
  • calendar-gray 03 Aprel 2020

Azərbaycan iqtisadiyyatı qlobal şoklar, pandemiya və aşağı neft qiymətləri dövrünün başlaması ilə yeni tarazlıq vəziyyətinə keçəcək.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, ötən il cari əməliyyatlar balansında 4,4 mlrd. ABŞ dolları, kapitalın və maliyyənin hərəkəti balansında isə 0,1 mlrd. dollar profisit yaranması, həmçinin ehtiyat aktivlərinin 5,1 mlrd. dollar artması neftin hər barel üçün orta hesabla 64 dollar qiyməti şəraitində baş tutub.

“Bu il isə 60% ucuzlaşan neftin qiyməti, kəskin azalan tələbin, bazarlar uğrunda mübarizənin və “ağzına qədər dolan” anbarların diktəsi ilə hələ uzun müddət aşağı intervalda olacaq. Üstəlik Azərbaycanda neft hasilatının ilbəil azalması və maya dəyərinin artması da nəzərə alınmalıdır. Belə şəraitdə iqtisadiyyatın “güzgüsü” sayılan tədiyyə balansının tarazlaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün əsas mənbə sərmayə qoyuluşunun artırılmasıdır”, - deyə V. Qasımlı qeyd edib.

Mərkəzinin icraçı direktorunun fikrincə, hazırkı koronavirus böhranı qlobal inflyasiyanı azaldır ki, bu faktın da qeyri-neft sektoru üzrə 9,5 mlrd. dollar idxalı olan Azərbaycanda qiymətlərə azaldıcı təsiri olacaq.

“Pul siyasətinin lövbəri tədriclə pul bazasından qısamüddətli faizlərin üzərinə keçirilməlidir. Çünki qısamüddətli faizlər nə qədər aşağı olsa, investisiya da bir o qədər çox olacaq. Azərbaycanda verilən kreditlər üzrə real faiz dərəcəsi inflyasiya da nəzərə alınmaqla 11,1%-dir. İndiki halda mövcud biznes kreditlərinin yükünün 10%-nin dövlətin subsidiyalaşdırması, yeni kreditlərin isə faizlərinin yarısının və zəmanətinin 60%-in dövlətin öz üzərinə götürməsi, əslində real faizin biznes üçün əhəmiyyətli dərəcədə aşağı salınmasıdır. Bu iki proqram çərçivəsində veriləcək 1,5 mlrd. manatlıq dövlət dəstəyi biznes kreditləri formasında iqtisadiyyata qoyulacaq sərmayədir”, - deyə V. Qasımlı bildirib.

O həmçinin vurğulayıb ki, pul multiplikatorunu da nəzərə alaraq, 1.5 mlrd. manat dəstək daha da böyüyə bilər.

“Dünya üzrə özəl sektora verilən kreditlər ÜDM-in 129,7%-ni təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 20,8% olub (2018-ci il üçün). Beləliklə, özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var. Biznes kreditlərinin dövlət tərəfindən subsidiyalaşdırılması və zəmanət verilməsi kommersiya banklarının risklərlə bağlı ənənəvi arqumentlərini aradan qaldırır. Dövlətin dəstək proqramı bank sektorunu da xilas edir. Bunun əvəzində bank sektoru ona uzadılan kömək əlini qiymətləndirməlidir və özəl sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməlidir”, - deyə V. Qasımlı əlavə edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date