Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib

Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib
  • Clock-gray 15:08
  • calendar-gray 20 Noyabr 2019

Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. 

Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin sədrliyi ilə keçirilən iclas “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron servislər və onların rəqəmsal çatdırılma kanalları” mövzusuna həsr olunub.

Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iclas iştirakçılarına təbrik məktubu oxunub. Məktubda qeyd olunub ki, MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurası vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemlərinin işinin və fiskal siyasətin səmərəliliyinin təhlili üçün sanballı platformadır. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, iclas iştirakçılarının aparacağı fikir mübadiləsi və qəbul edəcəyi qərarlar Birlik ölkələrində sahibkarlığın inkişafına, investisiyaların cəlb edilməsi üçün komfortlu şərtlərin irəli sürülməsinə şərait yaradacaq.

Görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının 2020-ci il üçün sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iclasda “Beynəlxalq meyllərin Azərbaycan vergi sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan, MDB məkanında iqtisadi sahədə, o cümlədən vergilər sahəsində əməkdaşlıqdan danışıb.
Jurnalistlərə müsahibəsində nazir Mikayıl Cabbarov qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir. 

“Bunun başlıca səbəbi rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. Ənənəvi iqtisadi fəaliyyətin vergiyə cəlb edilməsi üçün son yüz il ərzində mövcud olan alətlər, qanunvericilik bu gün kifayət qədər sürətlə yenilənməlidir, çünki yeni iqtisadiyyatı təmsil edən elektron ticarət və elektron xidmətlərlə məşğul olan yerli və xarici şirkətlər tamamilə başqa iqtisadi modellərə və prinsiplərə uyğun olaraq fəaliyyət göstərirlər. Bu məsələ yalnız Azərbaycan vergi sistemi üçün deyil, ümumilikdə qlobal vergi çağırışı kimi qiymətləndirilir. Təsadüfi deyil ki, builki Əlaqələndirmə Şurasının əsas mövzusu məhz rəqəmsal iqtisadiyyat dövründə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunub”, - deyə nazir bildirib.

İclasda Rusiya baş nazirinin birinci müavini Anton Siluanov da iştirak edib.
 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date