Millət vəkili: "Dövlətimiz bütün güc və imkanlarını səfərbər edib ki, bu epidemiyanın yayılmasının qarşısını alsın"

Millət vəkili: "Dövlətimiz bütün güc və imkanlarını səfərbər edib ki, bu epidemiyanın yayılmasının qarşısını alsın"
  • Clock-gray 23:35
  • calendar-gray 04 Aprel 2020

"Bu gün hər bir vətəndaşın ən ümdə vəzifəsi və məsuliyyəti sosial hərəkətliliyi minumuma endirmək və Operativ Qərargahın tövsiyə və qərarlarına tam əməl etməkdir”.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, dünyanın ən inkişaf etmiş ölkəsində bu virusla mübarizə necə təşkil olunubsa, Azərbaycanda da elə təşkil olunub:

“Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir. Öncə birmənalı olaraq deməliyik ki, dünyada koronavirusla mübarizənin çox yüksək və peşəkar səviyyədə təşkil edildiyi ölkələrdən biri də  Azərbaycandır. Bu fikirləri beynəlxalq təşkilatlar, xüsusən də ÜST qeyd edir və hətta bu yüksək səviyyəli təşkilatçılığa görə dövlətimizin rəhbərinə təşəkkür ediblər. Yəni dövlətimiz bütün güc və imkanlarını səfərbər edib ki, bu epidemiyanın yayılmasının qarşısını alsın. 

Məlumdur ki, Operativ Qərargahın verdiyi məlumata görə, ölkəmizdə koronavirusdan yoluxma halları artır. Bunu bir tərəfdən müsbət də dəyərləndirmək olar. Çünki ölkəmizdə bu virus görünəndə testlər çox az dərəcədə idi. Çünki bizə bunu beynəlxalq təşkilatlar vermişdi. Lakin sonra hökumətimiz bu testlərdən kifayət qədər aldı. Bu testlərin alınması xəstəliyin çox erkən aşkarlanmasının və beləliklə də ölüm hallarının qarşısının alınmasında çox əhəmiyyətli oldu. Çox təəssüf ki, hələ də ölkəmizdə tətbiq olunan karantin rejiminə əhali yetərincə əməl etmir, bu isə xəstəliyin yayılmasının artmasına imkan yaradır”.

Millət vəkili qeyd edib ki, xəstəliyin yayılmasından sosial şəbəkələrdə bəzi çirkin niyyətli qüvvələr başqa cür istifadə etməyə çalışır: "Mən bu qüvvələrə bircə söz deyə bilərəm: Ayıbdır. Çünki bu pandemiya bir növ savaşdır. Dövlətimizin də xalqımızın sağlığı uğrunda var-qüvvəsilə mübarizə apardığı bir mərhələdə, bir qrup qüvvələrin fəaliyyəti bütövlükdə milli birliyimizlə bu qlobal təhlükəyə qarşı aparılan müqəddəs mübarizəyə ən azı kölgə salmaqdır”.

M.İbrahimqızı vurğulayıb ki, bu gün bir çox ölkələr heç bu testi ala bilmirlər: “Bu gün ölkəmizdə yetərincə testlərin olunması xəstəliyin gizli dövründə aşkar olunur ki, bu da koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını alacaq. Qısa müddət ərzində ölkəmizdə 35 mindən artıq test keçirilməsi həqiqətən də böyük uğurdur. Bunun nəticəsidir ki, ölkəmizdə ölüm ümumi xəstələrin 1%-dən də azdır. Hansı ki,  İtaliya və İspaniyada bu rəqəm az qala 20%-ə yaxındır. Digər tərəfdən Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar aldı. 

Bu gün xalqımız və vətəndaşlarımız bilməlidir ki, ölkəmizdə bu koronavirusa qarşı mübarizə ən yüksək səviyyədə təşkil olunub. Koronavirusla mübarizə aparılan bütün klinikalar bütün tibbi ləvazimatlar, ən müasir tibbi avadanlıqlar və lazım olan dərmanlar nəinki  yetərincə təmin olunub, hətta ən pis vəziyyət olarsa belə təminat yüksək səviyyədədir. İctimaiyyət bunu yüksək dəyərləndirir. Fürsətdən istifadə edib seçicilərim adından həm Prezidentimizə, həm də Birinci vitse-prezidentimizə təşəkkür edirəm.

Bu gün hər bir vətəndaşın ən ümdə vəzifəsi və məsuliyyəti sosial hərəkətliliyi minumuma endirmək və Operativ Qərargahın tövsiyə və qərarlarına tam əməl etməkdir”.

M.İbrahimqızı bildirib ki, bu gün qlobal təhlükə ilə mübarizə ölkəmizdə bir neçə istiqamətdə aparılır: “Hər kəs üçün “Evdə qal, salamat qal!” çağırışının da mütləq əməl olunması səbəbi koronavirusun inkubasiya dövrünün 28 günədək olmasıdır. Bu isə xəstəlik üzə çıxanadək daha çox insanın yoluxmasına səbəb olur ki, bunun da çox ağır fəsadları ola bilər. Bu gün bu qlobal təhlükə ilə mübarizə ölkəmizdə bir neçə istiqamətdə aparılır. Bunlardan biri də hazırda inkubasiya dövrü üçün karantində qalan xaricdən gələn vətəndaşlarımızın ciddi nəzarətdə və müayinədə saxlanmasıdır. Məhz bu kompleks yanaşma koronavirusun yayılmasının qarşısının alınmasında xeyli müsbət təsiri var. COVID-19 virusu ölkəmizdə ilk dəfə, ilkin dövrdə yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. Bunun da nəticəsində ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınırdı. Bir daha üzümü vətəndaşlarımıza tutub müraciət edirəm - Evdə qalın! Biz evdə qalmaqla koronavirusa qaşı ölkəmizdə aparılan mübarizəyə böyük dəstək vermiş olarıq”.

Millət vəkilinin sözlərinə görə, bu gün heç də bütün ölkələrdə koronavirusla mübarizə kifayət qədər deyil:

“COVID-19-la dünya ölkələrində aparılan mübarizə təcrübəsinə nəzər yetirək. Təkcə regionumuzdakı mənzərəyə baxmaq kifayət edir. ÜST-ün aprelin 4-nə olan məlumatına görə, işğalçı dövlət olan Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Yəni əhalinin sayına görə Azərbaycanla müqayisədə xeyli çoxdur. Eyni zamanda şübhəlilərin tibbi müayinəsi, test olunması da çox aşağı səviyyədir. Bu isə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın azdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisi Ermənistan əhalisindən dəfələrlə çoxdur. Bu mənada Ermənistanda xəstələnmə və ölüm də çoxdur. Eyni zamanda şübhəlilərin test olunması hədsiz dərəcədə aşağıdır. Bu da Ermənistan dövlətini idarə edənlərin hədsiz dərəcədə məsuliyyətsiz olması və öz xalqına qarşı etinasızlığının göstəricisidir. Ermənistan dövlətinin rəhbəri əhalinin sağlamlığının dərdini çəkməkdənsə, bütün humanitar normalara təcavüz edərək 31 martda Xankəndidə qanunsuz seçkilər keçirməklə məşğuldur”.

apa-logo-mini

Digər xəbərlər