Azərbaycanın ən yaxşı dizaynerləri mükafatlandırılıb

Azərbaycanın ən yaxşı dizaynerləri mükafatlandırılıb
  • Clock-gray 14:06
  • calendar-gray 03 Mart 2020

Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Azerbaijan Design Award” layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilib. 

“Azerbaijan Design Award” layihəsinin təsisçi və təşkilatçıları bildiriblər ki, artıq 2-ci dəfə təşkil olunan müsabiqəyə 400-dən çox dizaynerin 611 əsəri təqdim olunub.

On dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan layihəyə Mədəniyyət Nazirliyi də dəstək verib. Layihənin rəsmi tərəfdaşı, həmçinin "Kreativ Azərbaycan" portalıdır.

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim ediblər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

Sonra “Azerbaijan Design Award” layihəsinin qalibləri elan olunub. Finalçılar “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. 

Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə dizaynerlər 10 digər kateqoriya ilə yanaşı, 2019-cu ildə Bakı şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilməsi münasibətilə Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə də işlərini təqdim edib.

Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə müsabiqənin qalibi xüsusi mükafatla – “Apple Macbook Air 2019 noutbuku” ilə təltif olunub.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date