Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb

Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
  • Clock-gray 12:18
  • calendar-gray 20 Fevral 2020

Gənc pianoçu Leyla Zeynalova fevralın 9-16-da Estoniyanın Narva şəhərində keçirilən XIII Beynəlxalq Şopen Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Leyla Zeynalova təəssüratlarını bölüşərək bildirib ki, müsabiqəyə öz təşəbbüsü ilə qatılıb. İlk dəfə bu müsabiqədə 12 yaşında iştirak edən ifaçı 2-ci yeri qazanıb.

Seçim turuna ötən ilin oktyabrında videoifasını göndərən Leyla noyabrda müsabiqəyə dəvət alır. Müsabiqənin birinci turunda 25, ikinci turda 30 dəqiqə solo proqramla, sonda isə orkestrlə birgə çıxış edərək böyük uğura imza atıb.

Qazandığı uğurlara görə ona dəstək olan insanlara təşəkkürünü bildirən pianoçu deyib: “Bakı Musiqi Akademiyasının professoru Kəmalə Nemanovanın tələbəsiyəm. Bu illər ərzində onunla çox layihələr həyata keçirmişik. Müəlliməm hər zaman məni dəstəkləyir, hər vaxt yanımdadır. Hətta müsabiqəyə birlikdə getməsək də, hər turdan əvvəl telefonla əlaqə yaradıb məsləhətlərini verir, mənə dəstək olurdu. Düzdür, müsabiqəyə qatılan hər kəsin içində qalib olmaq inamı olur. Bu uğur mənim üçün inanılmazdır. Yaşadığım hissləri ifadə etmək çətindir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 oktyabr 2014-cü il tarixli sərəncamı Leyla Zeynalovanın adı ilə gənc istedadların "Qızıl kitab"ına yazılaraq Prezident təqaüdünə layiq görülüb.

Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda təhsil alan Leyla ölkəmizlə yanaşı, Almaniya, İngiltərə, Belçika və Latviyada bir sıra müsabiqələrdə iştirak edib, laureat olub, əksəriyyətində Qran-pri mükafatına və birinci yerə layiq görülüb. O, dəfələrlə Yuri Başmetin rəhbərlik etdiyi MDB və Baltikyanı ölkələrinin Uşaq Musiqi Akademiyasının ustad dərslərində iştirak edib. 2015-ci ildə gənc pianoçu, Vladimir Spivakovun təşkil etdiyi "Moskva dostları qarşılayır" festivalına qatılıb.

L.Zeynalovanın uğurlu fəaliyyəti 2018-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.

Onu da bildirək ki, Leylanın qardaşı, beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeynalov da vaxtilə Narvada keçirilən Beynəlxalq Şopen Müsabiqəsinin qalibi olub. Rüstəm hazırda Moskva Konservatoriyasının aspiranturasında təhsilini davam etdirir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date