“Güllələnmiş heykəllər” abidəsi ziyarət olunub - FOTO

“Güllələnmiş heykəllər” abidəsi ziyarət olunub - FOTO
  • Clock-gray 14:08
  • calendar-gray 18 Sentyabr 2020

Milli Musiqi Günü münasibətilə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.

APA-nın məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib ki, bir vaxtlar Üzeyir Hacıbəyli, Xurşudbanu Natəvan, Bülbülün ev muzeyləri onların doğma şəhərləri Şuşada yerləşirdi: "Təəssüflər olsun ki, Ermənistanın Azərbaycanın tarixi torpaqlarımızın, o cümlədən musiqi beşiyi sayılan Şuşanın işğalı nəticəsində tarixi abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Bu heykəllər də Ermənistana köçürülüb, oradan satılmaq üçün Gürcüstana aparılıb".

O vurğulayıb ki, azərbaycanlıların təşəbbüsü nəticəsində həmin heykəllər 1993-cü ildə alınaraq Azərbaycana qaytarılıb: "Bununla biz öz mirasımıza hörmət göstərmişik. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan bu heykəllərin üzərindəki güllə izləri də ermənilərin barbar, vəhşi xislətinin sübutudur. Lakin bizim tarixi torpaqlarımıza olan sevgimiz heç vaxt unudula bilməz. Arzu edirəm ki, bu heykəllər tez bir zamanda öz yerlərinə qaytarılacaq. Bu dahi şəxsiyyətlərin ev muzeyləri bərpa olunacaq".

A. Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin səyi nəticəsində buna nail olunacaq.

Sonra Üzeyir Hacıbəyli, Bülbül və Xurşudbanu Natəvanın büstləri önünə güllər düzülüb, xatirələri hörmətlə anılıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər