Milli Kitabxana qəzetlərin yararsız hala düşməsi barədə məlumatlara aydınlıq gətirib

Milli Kitabxana qəzetlərin yararsız hala düşməsi barədə məlumatlara aydınlıq gətirib
  • Clock-gray 16:31
  • calendar-gray 08 Yanvar 2020

“Artıq bir neçə ildir ki, Milli Kitabxanada kitab fondlarının yerləşdiyi binada (fond saxlanclarında) əsaslı təmir və yenidənqurma işləri aparılır. Hazırda qəzet və jurnal fond saxlancları istisna olmaqla, bütün digər fond saxlanclarında tamamilə yenidən qurularaq müasir havalandırma, yanğınsöndürmə sistemləri və işığın və rütubətin təsirindən qorunmanı təmin edən vasitələr quraşdırılıb”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Milli Kitabxanasından bildirilib.

Qeyd olunub ki, bütün fondlarda germetik bağlanan qapalı mobil kitab rəfləri quraşdırılıb: “Qəzet və jurnal fond saxlanclarında isə 2020-2021-ci illərdə bu iş tamamilə başa çatdırılacaq. Qəzetlərin yararsız hala düşməsi və kəsilərək götürülməsi hallarına gəldikdə isə, belə hallar 90-cı illərdə Kitabxanada surətçıxardıcı vasitələrin olmadığı vaxtlarda baş verib. Hazırda demək olar ki, belə hallar baş vermir, istənilən materialın surəti birbaşa oxu zalında xüsusi fotoaparatla çəkilərək və kağıza çıxarılaraq dərhal oxuculara təqdim olunur. Oxu zallarında kameraların quraşdırılması da belə halların baş verməsinin qarşısını alır. Belə olduğu halda qəzetlər oxucular tərəfindən cırılmır və kəsilmir”.

Milli Kitabxanadan onu da bildiriblər ki, əvvəllər müxtəlif səbəblərdən korlanan qəzet və jurnal komplektlərinin digər kitabxanalardakı komplektlər hesabına yenidən bərpası işləri də aparılır: “Təkcə ötən il müxtəlif kitabxanalardan və qəzet redaksiyalarından 60-dan artıq qəzetin tam komplektləri və çatışmayan nüsxələri alınaraq Milli Kitabxanaya gətirilib. Eyni zamanda qəzet komplektlərinin korlanmasının qarşısının alınması məqsədilə köhnə qəzetlər rəqəmsallaşdırılaraq və kitabxananın daxili şəbəkəsində yerləşdirilərək xüsusi olaraq bu məqsədlə yaradılmış "Lokal şəbəkədə elektron resurslardan istifadə zalı"nda quraşdırılan 25 kompüter vasitəsilə oxucuların istifadəsinə verilir. Hazırda çap olunan 50-dən artıq qəzetin tam elektron versiyası yaradılıb. Bundan başqa, Kitabxananın Analitik Elektron məlumat bazalarının təşkili şöbəsi tərəfindən respublikada çap olunan 100 adda qəzetin məzmunu açılaraq rubrikalar üzrə Kitabxananın saytında yerləşdirilir”. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date