Türkiyədə Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi qeyd olunub

Türkiyədə Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi qeyd olunub
  • Clock-gray 17:57
  • calendar-gray 16 Yanvar 2020

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan və Azərbaycan Dövlət Film Fondunun sədr müavini Rəşad Qasımovun çıxışları olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ötən ilin Azərbaycanda “Nəsimi ili” kimi qeyd olunduğunu diqqətə çatdıran X. İbrahim vurğulayıb ki, bu çərçivədə Türkiyədə böyük şairinin həyat və yaradıcılığına həsr olunan çox sayda və fərqli formatlarda tədbirlər təşkil olunub. Görkəmli Azərbaycan rejissoru və ssenaristi Həsən Seyidbəyli yaradıcılığının dünya kinematoqrafiyasına böyük töhfələr verdiyini qeyd edən səfir bildirib ki, onun ən möhtəşəm əsərlərindən biri də məhz “Nəsimi” filmidir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərarı ilə ötən ilin türk dünyasında "İmadəddin Nəsimi ili" elan edilməsi sayəsində türkdilli ölkələrdə və dünyanın bir sıra dövlətlərində böyük şairin yaradıcılığına dair bir sıra mədəni layihələr həyata keçirildiyini diqqətə çatdıran D. Kaseinov söyləyib ki, bu işlər sırasında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən 15 dildə tərtib olunan “İmadəddin Nəsimi dünya dillərində” şeirlər kitabının öz layiqli yeri var. 

Nəsiminin Türkiyədə geniş tanındığını və sevildiyini deyən Ə. M. Demircan qeyd edib ki, keçirilən tədbirlər sayəsində böyük şairin həyat və yaradıcılığı daha geniş auditoriyalara çatdırılıb. Türkiyə tərəfi hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan mədəniyyətinin, o cümlədən tarixi şəxsiyyətlərin tanınmasına və təbliğinə geniş yer verəcək.

Çıxışlardan sonra Həsən Seyidbəylinin yaradıcılığını əks etdirən fotosərginin açılışı olub. Sərgidə böyük sənətkarın efir yaradıcılığının əsas məqamlarını əks etdirən nadir fotolar nümayiş edilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi D. Kaseinov tərəfindən Türkiyədən Nəsimi yaradıcılığının tədqiqatçısı, professor Hüseyn Ayan və “Nəsimi” filmində Nəsimi rolunun ifaçısı, Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif ediliblər.

Tədbirdə iştirak edə bilməyən Hüseyn Ayanın medalı qızına və Rasim Balayevin medalı isə R. Salmanova təqdim olunub.

Gecədə türkiyəli aşıq Səlahəddin Dündar qoşasaz ifası ilə Nəsiminin qəzəllərini oxuyub.

Sonra “Nəsimi” filmi nümayiş olunub. Filmin türk dilinə subtitrlə tərcümə versiyası “TRT Avaz” kanalı tərəfindən ərsəyə gəlib.

İştirakçılara “İmadəddin Nəsimi dünya dillərində” kitabı hədiyyə olunub.

Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date