Əbülfəs Qarayev: "Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib"

Əbülfəs Qarayev: "Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib"
  • Clock-gray 17:17
  • calendar-gray 19 Fevral 2020

Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində Koventri Universitetində “Yaradıcı sənayelər: imkanlar və çağırışlar” mövzusunda mühazirə ilə çıxış edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, Ə.Qarayevi universitetin tələbələrinə təqdim edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin rəhbəri professor Maykl Hardi öncə Azərbaycan tərəfindən həyata keçirilən “Bakı Prosesi” təşəbbüsü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və qlobal müxtəlifliyin idarə olunması proseslərində Azərbaycanın rolu barədə tələbələrə məlumat verib. 

Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bir sıra istiqamətlərdə uğurlu işlər həyata keçirilir ki, onlardan ən mühüm istiqamət ölkədə yaradıcı sənayelərin inkişafı ilə bağlı mövcud məsələlərin həlli və strategiyaların formalaşdırılmasıdır. 

M.Hardi bildirib ki, Koventri Universitetin fəxri doktoru və ziyarətçi professoru olan Ə.Qarayev bu sahədə tələbələrlə fikirlərini bölüşmək məqsədilə universiteti ziyarət edib.

Sonra Ə.Qarayev Azərbaycan tərəfindən mədəniyyət sahəsində həyata keçirilən çoxsaylı layihələr və bu istiqamətdə yeni bir çağırış olan yaradıcı iqtisadiyyatın formalaşdırılması ilə bağlı tələbələr qarşısında mühazirə ilə çıxış edib. 

Nazir qeyd edib ki, Azərbaycan bir çox istiqamətlərdə mühüm addımlar atıb, hazırda dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin baş katibi tərəfindən dünyada ən vacib qlobal platforma elan edilib. 

Ə. Qarayev bildirib ki, son 20 ildə Böyük Britaniyada xüsusilə inkişaf edən mədəniyyət, texnologiya və iqtisadiyyatın uzlaşmasından ibarət yeni sənaye növü olan yaradıcı sənayelər ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. 

Nazir hazırda dünyada vacib istiqamətlərdən biri olan bu sənayenin ən inkişaf etmiş regionlarının Cənub-Şərqi Asiya, Avropa və Amerika olduğunu bildirərək Azərbaycanda da bu istiqamətdə layihələrin həyata keçirilməsinə başlandığını bildirib. 

O, “Kreativ Azərbaycan” portalının təsis edildiyini və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən şirkət və fərdlərin bu portal vasitəsilə Mədəniyyət Nazirliyi ilə əlaqə yaratdığını qeyd edib. 

Bununla yanaşı Ə.Qarayev yaxın zamanda “Kreativ Azərbaycan Könüllülər Hərəkatı”nın da təsis ediləcəyini və Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişafına dair İnkişaf Proqramının hazırlanması istiqamətində iş aparıldığını vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə Britaniya Şurası (British Council) və Britaniyanın digər aidiyyəti təşkilatları ilə əməkdaşlıq edilir. Mühazirədən sonra tələbələrin sualları cavablandırılıb.

Həmin gün Ə.Qarayev Böyük Britaniyanın yaradıcı sənayelərin inkişafında xüsusi töhfəsi olan “Yaradıcı İngiltərə” (Creative England) təşkilatının rəhbəri, eyni zamanda Yaradıcı Sənayelər Federasiyasının rəhbərliyində təmsil olunan Karolin Norburi (Caroline Norbury) ilə görüşüb. “Yaradıcı İngiltərə” hazırda İngiltərədə sənaye sahələri ilə biznes qurmaq istəyən, həmçinin investisiya qoyan və investisiya axtarışında olan insanlar arasında körpü rolunu oynayır. 

Bu təşkilatın əsas funksiyalarından biri məhz yaradıcı sənayelərin inkişafında dövlətə dəstək olmaqdır. Təşkilat çoxsaylı layihələr həyata keçirir ki, bu layihələr xüsusilə gələcək iqtisadiyyatın ən mühüm istiqamətləri hesab olunur.

“Yaradıcı İngiltərə”nin rəhbəri təşkilat barədə ətraflı məlumat verib və təşkilatın öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. O, hazırda təşkilat tərəfindən yaradıcı sənaye sahəsinin problemlərinin araşdırıldığını və dövlət qurumları qarşısında qaldırıldığını qeyd edib. K.Norburi dövlət və özəl sektor nümayəndələrinin Yaradıcı Sənayelər Federasiyasında birgə təmsil olunduğunu, “Yaradıcı İngiltərə” təşkilatının da bu federasiyada təmsil olunduğunu və yaradıcı sənayenin problemlərinin bu federasiya vasitəsilə dövlət qarşısında qaldırıldığını qeyd edib.

Nazir bildirib ki, yaradıcı sənayedə mövcud olan problemlərin araşdırılması və biznes strukturları ilə əlaqələrin yaradılmasına dəstək məqsədilə Azərbaycanda Kreativ Biznes Mərkəzinin açılması nəzərdə tutulub. Bununla yanaşı, nazir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması barədə məlumat verib. Qeyd edib ki, agentliyin yaradılması yaradıcı sənayenin inkişafına öz töhfəsini verəcək.

Görüşün sonunda “Yaradıcı İngiltərə” və Britaniya Şurasının nümayəndələrinin Azərbaycana səfər etməsi və əməkdaşlığın istiqamətlərini müəyyən edəcək Yol Xəritəsinin hazırlanması razılaşdırılıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date