Sevda Məmmədəliyeva Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb

Sevda Məmmədəliyeva Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb
  • Clock-gray 14:53
  • calendar-gray 16 Noyabr 2019

Noyabrın 15-də “Lendok” Açıq Film Studiyasında Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə Rusiya Mədəniyyət Nazirliyi və Dövlət Kinofilm fondunun səlahiyyətli rəsmiləri, ölkəmizin nümayəndə heyəti və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları iştirak ediblər.

Görüş zamanı Rusiya Mədəniyyət nazirinin müavini ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışıb.

Nazir müavini Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsi ilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu qeyd edib.

Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını bildirərək, Azərbaycan və Rusiya arasında çoxşaxəli mədəni əlaqələrin tarixi, bugünkü inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs edib. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş filmin qısa tarixi haqqında və dünya kino sənətinə böyük töhfə verdiyini xüsusilə qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.

Görüşün sonunda Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı “Arşın mal alan” filminin ilk afişasının surətini hədiyyə edib və qonaqları kinostudiyada yenilənmiş “Arşın mal alan” filminin nümayişinə baxmağa dəvət edib.

“Arşın mal alan” filmi tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə noyabrın 14-dən 16-dək Sankt-Peterburq şəhərində keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edirlər.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date