MTRŞ dövlət büdcəsindən maliyyələşən yayımçıların efirində nöqsanlar aşkarlayıb

MTRŞ dövlət büdcəsindən maliyyələşən yayımçıların efirində nöqsanlar aşkarlayıb
  • Clock-gray 16:03
  • calendar-gray 30 Dekabr 2019

“Aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqa zidd məqamların dərhal aşkarlanmasına şərait yaradib. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq günlük və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilib”.

APA-nın xəbərinə görə, bu, Milli Televiziya və Radio Şurasının (MTRŞ) illik hesabatında əksini tapıb.

“Ümumrespublika televiziya yayımçılarının illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan TV (AzTV), Mədəniyyət TV, İdman TV-nin  proqram səbətində xüsusilə maarifləndirici verilişlər, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu kanallarda yayımlanan verilişlər müxtəlif tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlanmaqdadır. Bu qəbildən olan verilişlərə AzTV-də “Kitab klubu, “Milli istehsal”, “Sağlam ol”, “Uğur düsturu”, “Texnoxəbər”, “Tarixin izi ilə”, “Məmləkətim”, “Təhsil üçbucağı, “Nəsillərin debatı”, “əsas məsələ”, “Rakurs”, “Gəncsən”, “Gənclik stansiyası”, “Vətənə xidmət” və s.; Mədəniyyət TV-də “Azərbaycan dili”, “Bizi birləşdirən mədəniyyət”, “Məclisi-üns”, “İrfan səması”, “Şirin yuxular”, “Torpağın sirri”; İdman TV-də “Şahmat klubu”, “Telefitnes”, “Flaqman”, “İdman sağlamlığın rəhnidir” və s. nümunə göstərmək olar.

Büdcədən maliyyələşən ictimai kanal olan İTV-nin də proqram səbəti zəngindir. Belə ki, burada maarifləndirici, milli dəyərləri təbliğ edən layihələrə, müzakirə proqramlarına, dünya mədəniyyəti və incəsənətinin nümunələrinə, idmana geniş yer verilir. Bu səpkidən olan verilişlərə “Nə? Harada? Nə vaxt?", “Sabaha saxlamayaq”, “#İTV tech”, “Bir mahnının tarixçəsi”, “Radius”, “Diqqət mərkəzi”, “MAG”, “Dikdaban”, “3D”, “Fatehin divanı”, “Ötən günlər” və s. misal ola bilər. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə kanalın proqram səbətində maarifləndirici layihələrin həm sayında, həm də keyfiyyətində artım müşahidə olunur.

Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi nöqsanlar diqqəti cəlb edib. Belə ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı dövlət büdcəsindən maliyyələşən yayımçıların Qanunun bu tələbinə riayət etmədikləri müşahidə edilir. Həmçinin “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə də, dövlət və ictimai yayımçıların əməl etməməsi diqqəti cəlb edir. Qeyd olunan nöqsanlar Şura iclaslarında müzakirə olunmuş, həmin yayımçılara qanunvericiliyin bu müddəalarına əməl olunmasına ciddi nəzarət etmələri istiqamətində irad və tövsiyələr bildirilmişdir”, - deyə hesabatda qeyd olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date