"Avrora Qrup" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb

"Avrora Qrup" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb
  • Clock-gray 17:14
  • calendar-gray 24 Mart 2020

Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən biri, ölkənin qida təhlükəsizliyində aparıcı mövqelərdən birini tutan “Avrora Qrup” ölkə başçısı İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 200 000 manat vəsait köçürüb.

“Avrora Qrup”dan APA-ya verilən məlumata görə, koronovirusla bağlı dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədi ilə şirkətin “Bizon Energy” və “Berg Energy” brendləri yüzdən çox 65 yaş üzəri tənha və kimsəsiz insanlara iki ay boyunca ərzaq yardımı edəcəyini elan edib. Ərzaq yardımlarının paylanmasına bu gündən etibarən start verilib.

“Avrora Qrup” eyni zamanda koronavirusla mübarizə çərçivəsində bütün istehsal müəssisələrini dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması ilə təmin edib. Şirkət əhalinin qida təminatını nəzərə alaraq ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Bundan başqa əhalinin ərzaq təminatını nəzərə alaraq “Avrora Qrupa” daxil olan Makaron Fabriki, Dəyirman və Un Zavodu Kompleksi, Qazlı İçkilər Zavodu və Biskvit Fabriki tam gücü ilə fəaliyyətini davam etdirir. Eyni zamanda şirkətin pərakəndə qolu olan “Grandmart” və “Bolmart” supermarketlər şəbəkələri də fəaliyyətini gücləndirilmiş formada davam etdirir və xalqımıza xidmət göstərir.

Qeyd edək ki, “Avrora Qrup” 800-dən çox brendin rəsmi təmsilçisidir. Şirkət ölkəyə idxal etdiyi qida məhsullarının distributorluğunda da heç bir problem olmayacağı barədə əhaliyə təminat verir.

APA-Economics

Digər xəbərlər

Arxiv

date