Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı 31%-dən çox artıb

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı 31%-dən çox artıb
  • Clock-gray 12:43
  • calendar-gray 25 Noyabr 2019

Bu il noyabrın 1-i tarixinə Azərbaycan üzrə uçotda olan 1 051 624 vergi ödəyicisinin 13,2%-i hüquqi şəxs və digər təşkilatların payına düşüb. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb və bunun 99,3%-i kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Bu barədə “APA-Economics” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Cari ilin oktyabr ayında 1 832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5% çoxdur. Kommersiya qurumlarının 71,3%-i elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i isə səhmdar cəmiyyəti formasında təşkil olunub.

Hesabat dövründə 67 380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7%-nin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artım deməkdir. Ötən ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5% artaraq 32 820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19 744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5% artıb və onların xüsusi çəkisi 2,6% çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3% artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9%-dən 88,7%-dək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date