Dövlət Vergi Xidməti: Bir çox təsərrüfat subyektində karantin qaydalarına riayət olunur - VİDEO

Dövlət Vergi Xidməti: Bir çox təsərrüfat subyektində karantin qaydalarına riayət olunur - VİDEO
  • Clock-gray 16:37
  • calendar-gray 07 İyul 2020

Azərbaycanda indiyədək 11 minə yaxın təsərrüfat subyektində monitorinq aparılıb, bunlardan 5,2 minində karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bunu qurumun şöbə rəisi Mirzə Mirzəyev deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə  dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

Şöbə rəisi əlavə edib ki, 4-6 iyun tarixlərində 830-dək təsərrüfat subyektində aparılan monitorinqlər zamanı bu obyektlərin 230-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub: “Hazırda monitorinqlər davam edir və artıq bir çox təsərrüfat subyektlərində qaydalara riayət olunması müşahidə edilir”.

Qeyd edək ki, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət olunması, həmçinin, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə monitorinqlər İqtisadiyyat Nazirliyi tərəfindən keçirilir.

Monitorinqlər zamanı satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılır və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılırlar.

Hüseyn Vəliyev

Digər xəbərlər