Lisenziyalar barədə məlumatlar DGK-yə təqdim ediləcək

Lisenziyalar barədə məlumatlar DGK-yə təqdim ediləcək
  • Clock-gray 17:56
  • calendar-gray 19 Mart 2020

“Lisenziyalar və icazələr haqqında” qanununda nəzərdə tutulmuş məlumatlar Dövlət Gömrük Komitəsinə (DGK) təqdim edilməlidir. 

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb. 

İnzibati Xətalar Məcəlləsinə əsasən, “Lisenziyalar və icazələr haqqında” qanununda nəzərdə tutulmuş məlumatların lisenziya və icazə verən orqan tərəfindən reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İndiyə qədər bu sahədə müvafiq nəzarət orqanları Vergilər Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi olub. Dəyişikliyə əsasən, bu sıraya Dövlət Gömrük Komitəsi də əlavə edilib. 

Qeyd edək ki, “Lisenziyalar və icazələr haqqında” qanununda təqdim edilməli olan məlumatlar əksini tapıb. Həmin məlumatlar aşağıdakılardır:

- lisenziya və icazə verən orqanın adı və ünvanı;

- lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

- lisenziya (icazə) sahibinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

- lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);

- əgər varsa, lisenziyanın (icazənin) müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);[

-  lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;

- lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);

- yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);

-  lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);

- lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

- lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğv etmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date