Türkiyə Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlıdır

Türkiyə Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlıdır
  • Clock-gray 17:07
  • calendar-gray 26 Dekabr 2019

"Türkiyə Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlıdır".

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla Bakıda görüşü zamanı deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Türkiyəli nazir iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı, nou-hauya əsaslanan bilik mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdən sonra İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə işgüzar görüşü keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan İqtisadiyyat naziri M. Cabbarov diqqətə çatdırıb ki, işgüzar görüşdə iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının təmsil olunması qarşılıqlı əməkdaşlığa böyük marağı ifadə edir. Nazir iki ölkə arasında ticarət dövriyyəsinin 15 mlrd. dollara çatdırılmasının hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. O bildirib ki, ölkələr arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var və bu istiqamətdə tədbirlər davam etdirilir. Nazir iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

2020-ci ilin fevral ayında Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə ölkəmizin sərmayə imkanlarının təqdimatının keçirilməsi nəzərdə tutulur ki, bu da ticarət əlaqələrinin inkişafında önəmli rol oynayacaq.

Öz növbəsində nazir R. Pekcan iqtisadi-ticarət tərəfdaşlığının inkişafı üçün geniş potensial olduğunu vurğulayıb, bugünkü görüşün, aparılan müzakirələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Türkiyəli nazir sahibkarları daha fəal əməkdaşlığa, qarşılıqlı sərmayə qoyuluşlarını artırmağa dəvət edib.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,026 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,039 mlrd. dollar və ya 34,8% artıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date