"Total": "Abşeron" qaz-kondensat layihəsinin icrası vaxtında başa çatacaq

"Total": "Abşeron" qaz-kondensat layihəsinin icrası vaxtında başa çatacaq
  • Clock-gray 16:58
  • calendar-gray 15 Yanvar 2020

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənilməsi layihəsi bu ilin axırı – 2021-ci ilin əvvəlində yekunlaşacaq.

Bunu "APA-Economics"in sualına cavabında "Total-Azerbaijan" və "Total E&P Absheron" şirkətinin korporativ xidmətlər üzrə müdiri Anar Rəsulov deyib.

Onun sözlərinə görə, hazırda "Abşeron" layihəsi üzrə işlər, demək olar ki, tamamlanma mərhələsindədir.

"Nəzərdə tutulur ki, bu ilin sonu – 2021-ci ilin əvvəli layihə üzrə tamamlama işləri sona çatacaq", - deyə A. Rəsulov əlavə edib.

Layihə üzrə bəzi tikinti işlərinin yubanması ilə bağlı suala cavab verən şirkətin rəsmisi qeyd edib ki, bu tipli kiçik gecikmələr təkcə SOCAR və "Total"in iş birliyi olan sözügedən qaz-kondensat layihəsində deyil, bütün layihələrdə olur: "Gecikmələr texniki səbəblərdəndir və onlar aradan qaldırılıb. Ola bilsin ki, bir neçə ay yubanma olsun,  amma layihənin vaxtında, yəni qeyd olunan tarixlərdə tamamlanması nəzərdə tutulub və bu, yerinə yetiriləcək. "Abşeron" yatağının işlənilməsinin birinci mərhələsində hasil olunan qaz daxili bazarın ehtiyaclarının ödənilməsinə yönəldiləcək".

Xatırladaq ki, "Total Azerbaijan" şirkətinin rəhbəri Denis Lemarşal öncə söylədiyinə görə, "Abşeron" yatağında kommersiya qazının hasilatı 2021-ci ilin əvvəlində başlayacaq.

Qeyd edək ki, hazırda qaz ehtiyatları təxminən 400 mlrd. kubmetr təşkil edən "Abşeron" yatağında infrastrukturun yaradılması aparılır.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Qeyd edək ki, bu yaxınlarda yataqda kəşfiyyat-hasilat quyusunun qazılması və konservasiyası bitib.

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. "Abşeron" yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP ("Joined Operating Company Absheron Petroleum") birgə müəssisəsidir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date