"Anglo Asian Mining" Azərbaycan üzrə fəaliyyət planını açıqlayıb

"Anglo Asian Mining" Azərbaycan üzrə fəaliyyət planını açıqlayıb
  • Clock-gray 11:33
  • calendar-gray 22 May 2020

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining" şirkəti 2022-ci ildə Gədəbəy Müqavilə Sahəsinin şimal-şərq sektorunda yerləşən "Avşanclı-1" və "Avşanclı-3" ərazilərində qızıl və mis hasilatına başlaya bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin dərc etdiyi hesabatda deyilir.

Bildirilir ki, potensial yataqların həcmini müəyyənləşdirmək üçün ərazilərdə kəşfiyyat işləri 2020-ci ilin sonunadək aparılacaq və uğurlu olacağı təqdirdə gələn il açıq qızıl və mis karxanalarının inşasına başlanıla bilər.

Şirkətin strategiyasına əsasən, müsbət nəticə alınacaq təqdirdə "Avşanclı-1" sahəsində hasilata 2020-ci ilin II və ya III rübündə başlanıla bilər. "Avşanclı-3" sahəsində isə bu prosesə 2022-ci ilin III rübündə start verilə bilər.

Qeyd edək ki, Gədəbəy Müqavilə Sahəsinin şimal-şərq sektorunda, Şirkətin əsas emal müəssisələrindən 6,5 km məsafədə yerləşən "Avşanclı" sahəsi potensial əhəmiyyətli mineral rayonudur. "Avşanclı" sahəsi qızıl, "Avşanclı-3" sahəsi isə mis filizi ilə zəngindirlər.

Bununla yanaşı, şirkət "Gilar" sahəsi ilə bağlı da planlarını açıqlayıb. Belə ki, indidən 2021-ci ilin sonunadək sahədə kəşfiyyat işlərinin aparılması planlaşdırılır. Sahədə qızıl karxanasının tikintisi 2022-ci ildə, hasilat isə 2023-cü ilin I rübündə başlanıla bilər.

Xatırladaq ki, "Anglo Asian Mining" şirkəti Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olur.

"Anglo Asian Mining" 2019-cu ildə 70,098 unsiya qızıl hasil edib ki, bu da 2018-ci illə müqayisədə 3,7% azdır. Digər metalların da daxil olmaqla, ötən il şirkət 82 795 qızıl unsiya ekvivalenti həcmində məhsul istehsal edib ki, bu da 1,1%-lik azalma deməkdir. 2018-ci il ilə müqayisədə ötən il şirkət üzrə mis istehsalı 34,3% artaraq 2 210 tona çatıb, gümüş istehsal isə 24,2% azalaraq 159 356 unsiyaya təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date