Ekspert: "Yeni yataq Azərbaycanın neft hasilatının stabilləşdirilməsində ciddi rol oynayacaq"

Ekspert: "Yeni yataq Azərbaycanın neft hasilatının stabilləşdirilməsində ciddi rol oynayacaq"
  • Clock-gray 17:24
  • calendar-gray 19 Mart 2020

“SOCAR və Norveçin “Equinor” şirkəti tərəfindən Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının kəşf olunduğunun təsdiq edilməsi Azərbaycanın neft hasilatının növbəti onillikdə stabilləşdirilməsi yönümündə ən ciddi addım olacaq”.

APA-Economics”in məlumatına görə, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu addım neftin daxili bazara yönəldilməsi və neft bazarının stabilləşdirilməsi ilə bağlı olduqca mühümdür: “Əgər başqa layihələrə baxsaq, görəcəyik ki, orada daxili bazar kondensatın göndərilməsi mövcuddur. “Qarabağ” yatağında isə sırf neft layı açılıb və bu yataqda neft ehtiyatları kifayət qədər yüksəkdir”.

Ekspert deyib ki, 1998-ci ildə “Qarabağ” yatağının ehtiyatları 17 milyon ton neft, 28 milyard kubmetr həcmində qaz olaraq qiymətləndirilirdi: “Ancaq bu yataqda ötən ilin dekabrında qazılan qiymətləndirmə quyusuna əsasən, artıq neftin məhsuldar qatına qazma aparılıb. Bu da ehtiyatların 3 dəfədən çox artımına gətirib çıxarıb”.

İ. Şaban bildirib ki, əgər “Abşeron” yatağından bir ildə 700 min tona yaxın kondensat hasil etmək mümkün olacaqsa, “Qarabağ” yatağının ehtiyatları 60 mln. ton neftdir: “Bu yataqda quraşdırılan platforma ən azı 20 il işlədikdə ildə 3 mln. tondan artıq neft hasilatı həyata keçirilə bilər. Bu da ölkə iqtisadiyyatı üçün çox böyük bir töhfə olacaq, çünki 2,5-3 mln. ton, hətta 2 mln. ton civarında neft belə Azərbaycanın növbəti beşillikdə azalan neftinin təbii yolla kompensasiya edilməsi yönümündə atılmış addım kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, bu gün yayılan məlumata görə, SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 km şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. “Qarabağ” yatağı müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır.

Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 mln. ton neftdən artıqdır. “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC (Caspian Drilling Company) qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazıb. Yatağın məhsuldar layları 3,4 km dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

APA-Economics

Digər xəbərlər

Arxiv

date