Energetika naziri Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib

Energetika naziri Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib
  • Clock-gray 19:44
  • calendar-gray 09 Oktyabr 2020

Energetika naziri Pərviz Şahbazov 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycanda mülki əhalini və strateji əhəmiyyətli enerji infrastrukturunu hədəfə alan davamlı hərbi təxribatları barədə beynəlxalq enerji təşkilatlarına rəsmi müraciət ünvanlayıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, müraciət Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Qaz İxrac edən Ölkələr Forumu (GECF), Beynəlxalq Enerji Xartiyası, Beynəlxalq Enerji Agentliyi (İEA), Dünya Neft Şurası (WPC), Dünya Enerji Şurasına (WEC) və Beynəlxalq Qaz İttifaqına (IGU) göndərilib. 

Müraciətdə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyasına və onun Əlavə Protokollarının tələblərinə məhəl qoymadığı qeyd edilib. Xüsusilə 04 oktyabr 2020-ci il tarixində regionun ən böyük elektrik stansiyası olan Mingəçevir istilik elektrik stansiyası, 06 oktyabr 2020-ci il tarixində isə  Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin raket zərbələri ilə atəşə tutulması, həmçinin Cənubi Qafqaz Boru Kəməri, Qərb İxrac Boru Kəməri ətrafında təhlükəli vəziyyətin yaranması regional və beynəlxalq enerji təhlükəsizliyinə, bu layihələrdə təmsil olunan dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdləri kimi vurğulanıb. 

“Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınan ərazilərimizdə hazırda apardığı əks-hücum əməliyyatları məhz Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına, regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə də bu işğala son qoyulmasını, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.”

Müraciətdə beynəlxalq ictimaiyyət və tərəfdaş ölkələrin Ermənistanın işğalçılıq siyasətinə, strateji əhəmiyyət daşıyan beynəlxalq layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket hücumlarının hədəfinə çevirməsinə sərt şəkildə reaksiya verməsinə çağırış edilib. 

Hüseyn Vəliyev

Digər xəbərlər