"Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqləyib

"Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqləyib
  • Clock-gray 14:37
  • calendar-gray 30 Mart 2020

SOCAR və “Equinor” şirkətləri əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi imzalayıblar.

APA-Economics”in SOCAR-a istinadən verdiyi xəbərə görə, bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul edib. Görüşdə “Qarabağ” yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunmuş, yeni istiqamətlərdə, o cümlədən sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.19 mart 2020-ci il tarixində tərəflər uğurlu qazma əməliyyatı nəticəsində Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik olan yeni “Qarabağ” yatağının kəşf olunmasını elan etmişlər. “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk neft yatağıdır. Görüşdə “Equinor Apsheron AS” şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən “Qarabağ” yatağının işlənməsində öz davamlı iştirakını təsdiq edib.

Görüş çərçivəsində SOCAR və “Equinor Apsheron AS” şirkətiləri arasında SƏTƏM istiqamətimdə səylərin gücləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalanıb. Yeni saziş SOCAR və “Equinor Apsheron” şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir. Sənədi SOCAR-ın pezidenti R.Abdullayev və “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri F.Qurayşi imzalamışlar. Tərəflər sazişə əsasən yuxarıda göstərilən sahələrdə təcrübə, prosedur və müvafiq sənəd mübadiləsi, mümkün qəzalar və yaralanma hallarına yol verilməməsi, ekologiyaya təsirin minimuma endirilməsi üçün praktik biliklərin mübadiləsi, qəza hadisələri, eyni zamanda ekoloji təsiri olan hadisələrə dair toplanmış statistik məlumatların mübadiləsi üzrə razılığa gəlmişlər. Sazişdə həmçinin texniki təhlükəsizlik və yanğından mühafizə üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı praktikanın və məlumat bazasının mübadiləsi, mümkün qəzalara çevik rekasiya verilməsi, atmosfer tullantılarının, o cümlədən istixana qazlarının idarə olunması sahəsində təcrübənin bölüşülməsi, sadalanan məsələlər üzrə tərəflər arasında görüşlərin, seminarların, məsləhətləşmələrin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətlərində əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər.

Nərmin Rəhimova

Digər xəbərlər