IEA: Qlobal neft tələbatı 2023-cü ilədək böhrandan öncəki səviyyəyə qayıdacaq

IEA: Qlobal neft tələbatı 2023-cü ilədək böhrandan öncəki səviyyəyə qayıdacaq
  • Clock-gray 10:04
  • calendar-gray 13 Oktyabr 2020

2020-ci ildə yeni növ koronavirus (COVID-19) böhranının təsiri altında qlobal neft tələbatı ötən ilə nisbətən 8% və ya gündəlik 8 mln. barel azalacaq. Tələbat 2023-cü ilədək pandemiyadan öncəki səviyyəyə çatacaq, 2030-cu il üçün isə platoya çıxacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "World Energy Outlook" (WEO) uzunmüddətli illik proqnozunda deyilir.

IEA neftə olan tələbatın on illərdir davamlı olaraq artdığını, yalnız iqtisadi tənəzzül zamanı ara-sıra fasilələrin olduğunu xatırladır. Lakin COVID-19 onillik artımı cəmi il ərzində məhv etdi: "2020-ci ildə gündəlik neft tələbatının 2019-cu ilə nisbətən 8 mln. barel azalacağı ehtimalı var. Azalma illik ifadədə 8% təşkil edəcək".

IEA-in məlumatına görə, 2021-ci ildə neftə olan gündəlik tələbat 5 mln. barel artacaq və təxminən 2023-cü ilədək böhrandan əvvəlki səviyyəyə qayıdacaq. Daha sonra – 2030-cu ilədək gündəlik tələbat hər il orta hesabla 0,7 mln. barel artacaq, lakin COVID-19 pandemiyasının qlobal iqtisadiyyata və ticarətə təsiri səbəbindən 2030-cu ildə tələbat ötənilki proqnozda gözləniləndən 2 mln. barel az olacaq: "2030-cu ildən etibarən gündəlik tələbat platoya çıxacaq, illik artım isə gündə 0,1 mln. barel olacaq".

Beləliklə, IEA-in proqnozuna görə, neftə olan gündəlik tələbat 2019-cu ildəki 97,9 mln. barel səviyyəsindən 2025-ci ildə 99,9 mln. barelə, 2030-cu ildə 103,2 mln. barelə, 2040-cı ildə isə 104,1 mln. barelə çatacaq.

Eyni zamanda, IEA inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə fərqli dinamikanın olacağını gözləyir. Agentlik iddia edir ki, neftə olan tələbatın pik həddi inkişaf etmiş ölkələr üçün artıq reallıqdır, belə ki, bu rəqəm 2005-ci ildəki ən yüksək göstəricidən aşağıdır: "İnkişaf etmiş iqtisadiyyatlardakı neftə olan tələbat qısa müddətdə bərpa ediləcək, lakin böhrandan əvvəlki səviyyəsinə çatmayacaq".

"Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə neftə olan gündəlik tələbat 2019-2030-cu illərdə 5 mln. barel azalacaq. Bu cür azalma inkişaf etməkdə olan ölkələrdəki dinamika ilə kompensasiya ediləcək ki, burada göstəricinin sözügedən dövr ərzində gündəlik 9 mln. barel artacağı gözlənilir. Artım üzrə lider isə Hindistan olacaq.

APA-Economics

Digər xəbərlər