Mədən ərazisinin zəbt olunmasının qarşısı alınıb

Mədən ərazisinin zəbt olunmasının qarşısı alınıb
  • Clock-gray 18:06
  • calendar-gray 30 İyul 2020

Bir neçə gün əvvəl müxtəlif mətbuat orqanlarında Buzovna və Maştağa ərazisində neft mədəninin ərazisini zəbt edib qanunsuz tikinti işləri aparan Azər və Asəf Cəbrayılov qardaşları barədə geniş məlumata yer verilmişdi.

"APA-Economics"in verdiyi xəbərə görə, ictimai qınağa baxmayaraq Azər Cəbrayılov ətrafına topladığı şəxslərlə birlikdə qanunsuz əməllərini davam etdirir. Bu dəfə o digər qardaşı Qəzənfər Cəbrayılovla birlikdə Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində qanunsuz tikinti işləri aparmağa başlayıb. Mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar 10x11 metr ölçüdə ev tikmək məqsədilə hörgü işlərini davam etdiriblər.

Belə olan halda iyunun 30-da ərazidəki qanunsuz tikilinin sökülməsi məqsədilə Xəzər rayon polis idarəsi və SOCAR-ın "Azneft" İstehsalat Birliyinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. Azər Cəbrayılov və ətrafına topladığı insanlar öz vəzifələrini icra edən mühafizəçilərə, SOCAR-ın əməkdaşlarına və polislərə qarşı nalayiq ifadələr işlədib, tikilinin sökülməsi üçün əraziyə cəlb edilən xüsusi texnikanı daş-qalaq ediblər. Nəticədə neft şirkətinə 600 manata yaxın ziyan dəyib. Bununla belə ərazidəki qanunsuz tikilinin bir hissəsi sökülüb.

Qeyd edək ki, Azər, Asəf və Qəzənfər Cəbrayılov qardaşları uzun müddətdir ki, neft mədəni ərazilərini zəbt edib orada qanunsuz evlər tikərək satmaqla məşğuldurlar. Onlar imkansız insanları daha çox bələdiyyə orqanlarından aldıqları sənədlər ilə aldadaraq bu ərazilərdə məskunlaşdırırlar. Lakin qanunvericiliyə əsasən neft mədənlərinin ərazisində əhalinin məskunlaşması qadağandır. Xüsusilə də intensiv neftçıxarma aparılan ərazilərdə radiasiya fonu yüksək olduğundan insanların sağlamlığı üçün böyük təhlükə yaradır. Bundan başqa hər hansı qəza və partlayış zamanı yaşayış sahələri operativ təmir-bərpa işlərinin aparılmasına əngəl törədir. Ona görə də SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkmdaşları bu ərazilərdə vətəndaşların qanunsuz məskunlaşmasını qarşısını almağa çalışır.

 

 

APA-Economics

Digər xəbərlər