Qazaxıstan iyunda "OPEC+" üzrə öhdəliyi 105% yerinə yetirib

Qazaxıstan iyunda "OPEC+" üzrə öhdəliyi 105% yerinə yetirib
  • Clock-gray 11:44
  • calendar-gray 03 İyul 2020

Qazaxıstan iyunda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatını azaltmaq üzrə öhdəliklərini 105% yerinə yetirib.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir. 

"İlkin məlumatlara görə, bu ilin iyun ayında kondensat istisna olmaqla, neft hasilatı 5,3 mln. ton və ya gündə 1,297 mln barel təşkil edib. İyun ayında "OPEC+" razılaşması üzrə öhdəliyin yerinə yetirmə səviyyəsi 105% olub", - məlumatda bildirilir.

Məlumata əsasən, Qazaxıstan 2020-ci ildə neft hasilatı üzrə proqnozu 86 mln. bareldən 85,2 mln. barelə azaldıb.

Qeyd edək ki, may ayında neft hasilatını gündəlik 9,7 mln. barel azaldılması barəsində razılaşmaya qatılan "OPEC+" ölkələri kvotanı 87%  təmin ediblər. OPEC-in 10 ölkəsi razılaşmanı 84%, qeyri-OPEC ölkələrini isə 92% yerinə yetiriblər. Qazaxıstan da may ayında hasilatın azaldılması barəsində razılaşmanı tam yerinə yetirməyən ölkələr sırasında idi. Əldə edilən razılığa əsasən may ayına öhdəliklərini yetirməyən ölkələr gələcək aylarda kompensasiya edəcəklər.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

İclasda əldə edilən razılığa əsasən, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel  həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

Emil İsmayılov

Digər xəbərlər