SOCAR: Yeni qaz-kimya kompleksi layihəsi tikintiyə başlana biləcək səviyyəyə çatdırılıb

SOCAR: Yeni qaz-kimya kompleksi layihəsi tikintiyə başlana biləcək səviyyəyə çatdırılıb
  • Clock-gray 12:35
  • calendar-gray 20 Fevral 2020

SOCAR Qaradağ rayonu ərazisində qaz emalı və polimer kompleksinin ("SOCAR GPC" – GPC) tikintisinin maliyyələşdirmə məsələsi ilə bağlı işləmələri hökumətə təqdim edib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, yeni kompleksin mühəndislik dizaynı tam hazırdır və layihə tikintinin başlana biləcək səviyyəyə çatdırılıb: "Yalnız fiziki olaraq işlərə başlamaq qalıb, yəni tikinti işlərinə. Amma bunun üçün layihənin maliyyələşdirmə məsələsini həll etmək lazımdır".

SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, layihənin maliyyələşdirmə məsələsi  yönəldiləcək vəsaitlərin mümkün strukturu (30 daxili vəsait, 70%-i isə cəlb edilən maliyyə vəsaitlərin hesabına) və xarici investorların layihədə iştirak forması kimi məsələləri də əhatə edir. Layihəyə bir sıra bank və maliyyə institutları maraq göstərir, onların sırasında bir neçə dəfə marağını bildirən "Qazprombank"ı da qeyd etmək olar. Bundan əlavə, yeni kompleksin tikintisi layihəsində səhmdar qismində iştirak etmək istəyən şirkətlər də mövcuddur.

"Bütün bu məsələlər bir müddət öncə hökumətə təqdim etdiyimiz işləmələrdə əksini tapıb. Mən bildiyim qədər, təqdim olunanlara hökumət tərəfindən baxılır. Bu məsələ üzrə qərar dövlət səviyyəsində veriləcək", - deyə, İ. Əhmədov vurğulayıb.

Xatırladaq ki, İ. Əhmədovunun öncə bildirdiyinə görə, hazırda SOCAR-ın Qaz Emalı Zavodu fəaliyyət göstərir, lakin onun illik emal gücü 3-3,5 mlrd. kubmetrdir. Yeni kompleks tikildikdə isə SOCAR illik qaz emalını 10 mlrd. kubmetrədək artıra bilər. "Yəni Azərbaycanda istehlak olunan qazın böyük hissəsini oradan keçirdərək təmizləyib, təmiz metanı əhalinin, sənayenin istehlakına yönəldib, emal zamanı ayrılan yağlı maddələri isə polimerlərin istehsalında istifadə edə bilərik. Beləliklə, biz potensial itkiləri gəlir mənbəyinə çevirə bilərik", - o, qeyd etmişdi.

Qeyd edək ki, "SOCAR GPC" inşasına başlanılması 2020-ci ilə planlaşdırılırdı. "SOCAR GPC" qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd. kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten, 1,21 min ton heksen-1 istehsalı planlaşdırılır. Yeni müəssisədə "Technip", "Axens", "Sinopec Tech" və "Univation" şirkətlərinin texnologiyalarından istifadə ediləcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date