SOCAR bu il qazma işlərinin həcmini azaldacaq

SOCAR bu il qazma işlərinin həcmini azaldacaq
  • Clock-gray 10:41
  • calendar-gray 27 Fevral 2020

Bu il SOCAR 114 min metr həcmində qazma işlərinin həyata keçirməsini planlaşdırır (ötən ilin göstəricisi ilə müqayisədə 24,5% az – red.).

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə planlaşdırılan qazma işlərinin ümumi həcmindən 108 min metri istismar qazmanın, 5,6 min metri isə kəşfiyyat qazmanın payına düşəcək.

Xatırladaq ki, ötən il SOCAR 151 min metrə yaxın qazma işləri həyata keçirib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5,6% azdır. Hesabat ili ərzində ölkə üzrə bu göstərici 291 min metr təşkil edib.

Qeyd edək ki, SOCAR Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date